Litva Xarici İşlər Nazirliyi Rusiyanın Kiyevə həyata keçirdiyi hava hücumu zamanı ölkənin Ukraynadakı səfirliyinin zərər görməsi ilə bağlı Rusiyaya etiraz notası təqdim edib.

Metbuat.az xəbər verir ki, Nazirliyin açıqlamasında bildirilib ki, Rusiyanın gecə saatlarında Kiyevə təşkil etdiyi genişmiqyaslı hücum zamanı Litvanın səfirliyi də daxil olmaqla bir sıra mülki obyektlər hədəfə alınıb.

Qeyd olunub ki, iki Rusiya raketi və ya pilotsuz uçuş aparatı Kiyevin Peçersk rayonunda yerləşən Litva səfirliyinin ətrafına düşüb. Partlayışlardan biri səfirliyin hasarından 5 metr, digəri isə 150 metr aralıda baş verib.

Litva tərəfi hücum nəticəsində diplomatik nümayəndəliyin binasına zərər dəyməsini və əməkdaşların təhlükəsizliyinin riskə atılmasını kəskin şəkildə pisləyib.

Nazirlik vurğulayıb ki, bu addımlar 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasıdır. Litva dəymiş zərərin qiymətləndirilməsindən sonra Rusiyadan kompensasiya tələb edəcəyini və əlavə tədbirlər görmək hüququnu saxladığını bildirib.