Bu ilin yanvar-iyun aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 149,674 milyon manat sığorta haqqı toplanılıb.
Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 23,1 % azdır.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 79,679 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 16,6 % çoxdur.
Beləliklə, 6 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 53,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 35,1 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 867,396 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 6,2 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 549,682 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 27,2 % çoxdur.
6 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 63,4 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 52,9 manat olub.