İtaliya və dünya futbolu ağır itki ilə üzləşib. İtaliya millisinin və “Milan” klubunun əfsanəvi kapitanı, futbol tarixinin ən böyük müdafiəçilərindən biri hesab olunan Franko Barezi 66 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, bütün peşəkar karyerasını “Milan”a həsr edən Barezi 1977-1997-ci illərdə “rossonerilər”in heyətində 719 rəsmi oyuna çıxıb. O, bu müddətdə 6 dəfə İtaliya A Seriyasının, 3 dəfə Avropa Çempionlar Kubokunun (hazırkı UEFA Çempionlar Liqası), 2 dəfə Qitələrarası Kubokun və bir sıra digər nüfuzlu turnirlərin qalibi olub. Klubun simvollarından sayılan əfsanəvi kapitanın 6 nömrəli forması karyerasını başa vurduqdan sonra əbədiləşdirilərək dövriyyədən çıxarılıb.

Franko Barezi İtaliya millisinin heyətində 81 oyun keçirib. O, 1982-ci ildə İspaniyada təşkil olunan dünya çempionatının qalibi olub, 1994-cü ildə isə komandasını mundialın finalına kapitan kimi çıxarıb. Futbol zəkası, liderlik keyfiyyətləri və nümunəvi sədaqəti ilə seçilən Barezi bütün dövrlərin ən yaxşı müdafiəçilərindən biri kimi yadda qalıb.