UEFA-nın 55 üzv federasiyası FIFA-nın Dünya Kubokunun kommersiya hüquqlarını özəl investorlara vermək planına qarşı çıxıb.

Metbuat.az xəbər verir ki, UEFA bu təklif həyata keçiriləcəyi təqdirdə FIFA yarışlarını boykot etmək qərarı verib. Qurumun yaydığı bəyanatda Dünya Kubokunun özəl investisiya vasitəsinə çevrilməsinin qəbuledilməz olduğu bildirilib. UEFA hesab edir ki, futbolun ən nüfuzlu turnirlərindən biri maliyyə gəliri əldə etmək məqsədilə investorların nəzarətinə verilməməlidir. Bəyanatda FIFA-nın milli federasiyalara təzyiq göstərdiyi də iddia olunub.
Bildirilib ki, təkliflər geri götürülməyənədək və FIFA-nın yarışları yenidən özəl mülkiyyətə açmayacağına dair zəmanət verilməyənədək Avropa milli komandaları FIFA turnirlərində iştirak etməyəcək. UEFA-nın ardınca CONCACAF-ın 41 üzv federasiyası da FIFA-nın planına qarşı çıxıb.

Qeyd edək ki, FIFA prezidenti Canni İnfantino Dünya Kuboku və Klublararası Dünya Kubokuna nəzarət edəcək yeni şirkət yaratmağı planlaşdırır.
Plana əsasən, FIFA-ya üzv 211 milli federasiyanın hər birinə təxminən 20 milyon dollar dəyərində pay verilməsi nəzərdə tutulur.