Yeni mövsüm öncəsi heyətini gücləndirməyə davam edən Türkiyə Super Liqasının yeni təmsilçisi "Amedspor" diqqətçəkən transfer həyata keçirib. Diyarbakır klubu Almaniyanın “Hoffenhaym” klubuna məxsus nigeriyalı hücumçu Gift Orbanı heyətinə qatdığını rəsmən açıqlayıb.

Metbuat.az xəbər verir ki, karyerası ərzində “Gent”, “Lion”, “Hoffenhaym” və “Verona” kimi klubların formasını geyinmiş 24 yaşlı hücumçu xüsusilə 2023-cü ildə imza atdığı tarixi rekordla futbol ictimaiyyətinin diqqətini cəlb etmişdi. O, “Gent”də çıxış etdiyi dövrdə UEFA Avropa Konfrans Liqasının 1/8 final mərhələsində “RAMS Başakşehir”lə oyunda cəmi 3 dəqiqə ərzində het-trik edərək UEFA-nın klub turnirləri tarixində ən sürətli het-trikin müəllifi olmuşdu.

Bu transferlə “Amedspor” yeni mövsüm öncəsi hücum xəttini daha da gücləndirib və iddialı heyət formalaşdırmaq istiqamətində növbəti vacib addımını atıb.