Avropada büdcəsinə uyğun istirahət axtaran turistlərin əsas seçimlərindən birinə çevrilən Serbiya turizm sektorunda sürətli yüksəlişini davam etdirir.

Metbuat.az xəbər verir ki, dünya üzrə turizmi ən sürətlə inkişaf edən ilk 10 ölkə sırasında yer alan Serbiyada xarici turistlərin sayı rekord həddə çatıb. Serbiya Turizm və Gənclər Nazirliyinin açıqladığı rəsmi statistikaya əsasən, cari ilin ilk beş ayında ölkəyə gələn xarici turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artıb. Dəniz sahili olmayan ölkə üçün bu göstərici diqqətçəkən nəticə hesab olunur. Artımda xüsusilə Türkiyə və Rusiyadan gələn turistlərin payı böyükdür. Eyni zamanda Şimali Makedoniya, Bosniya və Herseqovina, eləcə də Sloveniyadan gələn ziyarətçilərin sayında da nəzərəçarpacaq artım qeydə alınıb.

Mütəxəssislərin fikrincə, Serbiyanın turizmdə qazandığı uğurun əsas səbəbi Qərbi Avropa ölkələri ilə müqayisədə daha münasib qiymətlər təklif etməsidir. Otellərin, qidalanmanın, nəqliyyatın və digər xidmətlərin əlçatan olması ölkəni ucuz səyahət həvəskarları üçün cəlbedici edir.

Paytaxt Belqradla yanaşı, Dunay çayı sahilində yerləşən Qolubats, eləcə də Novi Pazar kimi şəhərlərdə həyata keçirilən infrastruktur layihələri turist marağının artmasına müsbət təsir göstərib.

Serbiyanın dəniz turizmi imkanlarının olmaması ölkədə kənd və ekoturizmin inkişafını sürətləndirib. Son üç ildə qeydiyyata alınan kənd evləri və fermaların sayı 700-dən 1900-ə yüksəlib. Bu da təbiət qoynunda istirahətə marağın sürətlə artdığını və Serbiyanın alternativ turizm istiqaməti kimi mövqeyini gücləndirdiyini göstərir.