Türkiyənin “Qalatasaray” klubu növbəti transfer dönəmində dünya futbolunda böyük rezonans doğuracaq keçid üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın “Bayern Münhen” klubunun ulduz futbolçusu Camal Musialanı icarəyə götürmək üçün danışıqları davam etdirir. Klub rəhbərliyi bu xəbərləri rəsmi şəkildə təsdiqləməsə də, Almaniya və Türkiyə mətbuatında yayılan məlumatlara görə, tərəflər arasında pərdəarxası təmaslar intensivləşib. Bildirilir ki, “Qalatasaray” 23 yaşlı yarımmüdafiəçini bir mövsümlük icarəyə götürmək üçün “Bayern”ə 10 milyon avro ödəməyə hazırdır. İddialara əsasən, futbolçunun meneceri də bu variantla bağlı müsbət mövqe sərgiləyib.
Transfer ehtimalını artıran əsas amillərdən biri Musialanın zədədən sonrakı vəziyyətidir. Ötən mövsüm ağır ayaq biləyi zədəsi alan və uzun müddət yaşıl meydanlardan uzaq qalan almaniyalı futbolçu bu yaxınlarda platinin çıxarılması əməliyyatı keçirib. Tam formaya qayıtmaq üçün ona davamlı oyun praktikası lazımdır və “Qalatasaray”ın bu baxımdan uyğun seçim olduğu bildirilir.
Məlumata görə, keçidin reallaşmasında Musiala ilə uzun illər eyni komandanın formasını geyinmiş Leroy Sanenin də mühüm rol oynayacağı gözlənilir. Təcrübəli futbolçunun həmyerlisini “Qalatasaray”ın heyətinə qoşulmağa razı salmaq üçün vasitəçilik edəcəyi iddia olunur.