Yaponiyanın Kumamoto prefekturasında 7,1 maqnitudalı zəlzələ baş verib.

Metbuat.az yerli KİV-ə istinadən xəbər verir ki, güclü zəlzələ nəticəsində 50-dən çox insan xəsarət alıb.

Təbiət hadisəsindən dərhal sonra Baş nazir Sanae Takaiti aidiyyəti qurumlara fövqəladə tədbirlərin görülməsi ilə bağlı göstəriş verib. O, əhalinin təxliyəsi barədə operativ məlumatlandırılmasını, zərərin qısa müddətdə qiymətləndirilməsini və zərərçəkənlərə yardımın təşkili üçün mərkəzi və yerli qurumların koordinasiyalı fəaliyyət göstərməsini tapşırıb.

İlkin məlumata əsasən, təbii fəlakət nəticəsində azı 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Rəqəmin artacağı istisna edilmir.

Zəlzələdən sonra bölgədə bir neçə güclü afterşok qeydə alınıb. Səlahiyyətli qurumlar sunami təhlükəsinin hələ də davam etdiyini bildirərək sahilyanı ərazilərdə yaşayan sakinləri ehtiyatlı olmağa çağırıblar.

Təbii fəlakət nəqliyyatın hərəkətinə də təsir göstərib. Kumamoto hava limanının uçuş-enmə zolağı müvəqqəti bağlanıb, dörd aviareys ləğv edilib. Bundan başqa, Kyuşu regionunda sürət qatarları və şəhərətrafı dəmir yolu marşrutlarının hərəkəti təhlükəsizlik məqsədilə dayandırılıb.