Geosiyasi gərginlik və təhlükəsizliklə bağlı problemlər Avropanın turizm sektoruna ciddi zərbə vurub. Sərhəd bölgələrində turist axınının kəskin azalması səbəbindən Avropa İttifaqının (Aİ) yeddi üzv dövləti birgə hərəkətə keçərək Avropa Komissiyasına təcili dəstək çağırışı edib.
Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, Bolqarıstan, Estoniya, Finlandiya, Latviya, Litva, Polşa və Rumıniyanın imzaladığı birgə müraciətdə qeyd olunur ki, mövcud vəziyyət turizm sektorunu ağır böhranla üz-üzə qoyub. Ölkələr turizm müəssisələrinin və yerli sahibkarların fəaliyyətini davam etdirə bilməsi üçün Aİ-dən təcili maliyyə dəstəyi və xüsusi yardım proqramlarının hazırlanmasını istəyiblər.
Müraciətdə bildirilir ki, xüsusilə Rusiya və Ukrayna ilə sərhədə yaxın ərazilərdə təhlükəsizliklə bağlı formalaşan mənfi rəy turistlərin həmin istiqamətlərə marağını əhəmiyyətli dərəcədə azaldıb. Nəticədə bir çox otel, istirahət mərkəzi və digər turizm obyektləri müştəri çatışmazlığı ilə üzləşib, bu isə yerli iqtisadiyyata ciddi ziyan vurur.
Yeddi ölkə Avropa Komissiyasından zərər çəkmiş bizneslərə birbaşa maliyyə dəstəyi ayrılmasını, eyni zamanda bu regionların təhlükəsiz və cəlbedici turizm istiqamətləri kimi yenidən tanıdılması üçün genişmiqyaslı reklam və təşviqat kampaniyalarının həyata keçirilməsini xahiş edib.