Kolumbiyanın Medellin şəhərində həyata keçirilən meşəbərpa layihəsi şəhərin temperaturunun azalmasına mühüm təsir göstərib.

Metbuat.az xəbər verir ki, "Yaşıl Dəhlizlər" layihəsi çərçivəsində küçələr, parklar, çay sahilləri və digər ərazilərdə təxminən 880 min ağac, 2,5 milyondan çox kol və müxtəlif bitki növləri əkilib. Layihə ilə əvvəllər beton və asfaltla örtülü ərazilər yaşıllaşdırılıb, ağaclar geniş kölgəliklər yaradıb. Mütəxəssislərin ölçmələrinə görə, sıx ağac örtüyü olan ərazilərdə temperatur ətraf mühitlə müqayisədə 5 dərəcəyə qədər aşağı düşüb.

Alimlər bildirirlər ki, ağaclar təkcə kölgə yaratmır, həm də yarpaqlardan suyun buxarlanması hesabına ətraf mühiti təbii şəkildə soyudur. Layihə nəticəsində şəhərdə hava keyfiyyəti yaxşılaşıb, quşlar və digər canlılar üçün yeni yaşayış mühiti formalaşıb.