İran ABŞ ilə danışıqlar prosesinin vasitəçilər vasitəsilə davam etdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə İran Daxili İşlər Nazirliyinin sözçüsü Əli Zeynivənd Tehranda keçirdiyi mətbuat konfransında danışıb. O bildirib ki, Tehran və Vaşinqton arasında mesaj mübadiləsi, eləcə də vasitəçilik səyləri davam edir. Zeynivəndin sözlərinə görə, İranla ABŞ arasında dolayı danışıqlar prosesinə yeni vasitəçi ölkələr də qoşula bilər. Sözçü vurğulayıb ki, diplomatik proses dayanmayacaq və ölkəsinin danışıqlar qrupuna tam etimad göstərilir. O əlavə edib ki, hərbi sahədə əldə olunan nəticələr diplomatiyanı dəstəkləyir, diplomatiya isə bu uğurları daha da möhkəmləndirir.

Qeyd edək ki, İranın daxili işlər naziri İsgəndər Mümini ötən gün ABŞ-la dolayı danışıqlarda vasitəçilik edən ölkələrdən biri olan Pakistana səfər edib. Nazir səfər çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüş keçirib.