Yeni mövsüm öncəsi transfer hazırlıqlarını davam etdirən İstanbulun “Qalatasaray” klubu heyətini dünya səviyyəli ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, prezident Dursun Özbek baş məşqçi Okan Burukun heyətdə görmək istədiyi “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandesin transferinə razılıq verib.

Yerli mətbuatın yazdığına görə, sarı-qırmızılılar portuqaliyalı futbolçunun transfer hüquqlarını almaq üçün İngiltərə klubuna 35 milyon avro təklif etməyi planlaşdırır. “Mançester Yunayted”in bu məbləğə müsbət yanaşacağı ehtimal olunsa da, transferin qarşısındakı əsas maneənin futbolçunun maaş tələbi olduğu qeyd edilir.

Məlumata əsasən, "Qalatasaray" Bruno Fernandesə illik 10 milyon avrodan çox maaş təklif etməyə hazırdır. Klubun yaxın günlərdə 29 yaşlı yarımmüdafiəçinin meneceri ilə rəsmi danışıqlara başlayacağı gözlənilir.