Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru, tarix elmləri doktoru Əmrah Dadaşov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib.

Əmrah Dadaşov 1939-cu ildə Bakının Balaxanı qəsəbəsində anadan olub. 204 nömrəli orta məktəbdə təhsil alıb. 1963-1966-cı illərdə Bakı Kitabxanaçılıq Texnikumunun Mədəni maarif şöbəsində oxuyub, oranı fərqlənmə diplomu ilə bitirib. 1967-1973-cü illərdə BDU-nun Tarix fakültəsində təhsil alb. Elə tələbəlik illərindən Universitetin hərbi şöbəsində, Tarix fakültəsinin Ümumi tarix kafedrasında laborant vəzifəsində işləyib.

Görkəmli tarixçi 100-dən çox elmi məqalə, monoqrafiya, dərs vəsaitinin müəllifi olub. Professor Əmrah Dadaşovun əsas tədqiqat sahəsi paleometal dövrü əkinçilik-maldarlıq iqtisadiyyatı idi. Azərbaycan ərazisində rast gəlinən paleometal dövrü maldarlıq komplekslərinə dair araşdırmalarında o, Şimali Azərbaycanın paleometal dövrü abidələri və Urmiyayanı bölgənin yaşayış məskənlərini tədqiq edib.