Bu ilin yanvar-may aylarında Azərbaycan 53,5 milyon ABŞ dolları dəyərində 124 min ton karbamid ixrac edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Aparılan hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 32 %, kəmiyyət olaraq – 54 % azdır.

Hesabat dövründə Azərbaycan Ukraynaya 35,3 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 37 % az) 85 min 741 ton (-54 %), Hindistana 9 milyon ABŞ dolları dəyərində 14 min 244 ton (1 il əvvəl tədarük olmayıb), Rumıniyaya 3,2 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 10 min 570 ton (+2,1 dəfə), Cənubi Afrikaya (CAR) 2 milyon ABŞ dolları dəyərində 3 min 330 ton, İsrailə 1,3 milyon ABŞ dolları dəyərində 2 min 999 ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə CAR-a tədarük həyata keçirilib.

2025-ci ildə Azərbaycandan ixrac edilmiş 543 min 532 ton karbamidin 72,4 %-i Ukraynanın payına düşüb.