Türkiyədə daha bir bələdiyyə sədri həbs olunub.
Metbuat.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Xəbərdə İstanbulun Adalar rayon bələdiyyəsinin sədri Ali Ercan Akpolatın bu gün səhər saatlarında tabeliyində çalışan 41 nəfərlə birlikdə saxlanıdığı qeyd olunub. Onun genişmiqyaslı korrupsiya əməliyyatı çərçivəsində saxlanıldığı açıqlanıb.
İddialara görə, bələdiyyə sədri tərəfindən tarixi abidə statusuna malik binaların təmiri zamanı qanunsuzluqlara yol verilib, tikinti icazələri ilə bağlı korrupsiya halları baş verib və bəzi müəssisələrə həddindən artıq yüksək cərimələr tətbiq olunub.
İş üzrə şübhəli şəxslərə qarşı “cinayət təşkilatı yaratma və idarə etmə”, “rüşvət alma” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddələri ilə ittihamların irəli sürüldüyü bildirilir. Saxlanılanların polis idarəsində istintaq hərəkətləri davam edir.
Hadisə Türkiyədə son dövrlər bəzi bələdiyyələrə qarşı aparılan istintaq tədbirlərinin növbəti mərhələsi kimi qiymətləndirilir.
Qeyd edək ki, Ali Ercan Akpolat müxalif Cümhuriyyət xalq Partiyasının (CXP) üzvüdür. O, sosial şəbəkələrdə xüsusi fəallığı ilə seçilir.