Yaxın Şərqdə uzun müddətdir davam edən gərginlik fonunda ABŞ və İran arasında hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın əldə olunduğu bildirilib.
Bu razılaşmanın təkcə iki ölkə arasında deyil, bütövlükdə region üzrə, o cümlədən müxtəlif münaqişə ocaqlarında gərginliyin azaldılmasını nəzərdə tutduğu qeyd olunur. Pakistan Baş naziri Şahbaz Şərifin açıqlamasına istinadən bildirilir ki, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyənin dəstəyi ilə formalaşan təşəbbüsün iyunun 19-da İsveçrədə rəsmiləşdirilməsi planlaşdırılır. Eyni zamanda, artıq qüvvəyə mindiyi iddia olunan atəşkəsin regional eskalasiya risklərini azaltmağa yönəldiyi vurğulanır. Bununla belə, tərəflərdən hələlik bu məlumatlarla bağlı rəsmi təsdiq verilməyib.
Metbuat.az xəbər verir ki, tərəflər arasında 2026-cı ilin əvvəlindən başlayan hərbi münaqişəni şərh edən politoloq Turab Rzayev Kredit.az-a bildirib ki, hadisələrin bu məcrada inkişafı qlobal iqtisadiyyat üçün əhəmiyyətlidir. Politoloq eskalasiya riskinin aradan qalxmasının strateji nəticələrinə diqqət çəkib:

Fotoda Turab Rzayev
“Təsəvvür edin ki, əgər bu sülh sazişi imzalanmasaydı və bölgədə genişmiqyaslı eskalasiya qaçılmaz olsaydı, Körfəz ölkələri özlərinin ən zəif dövrünü yaşayacaqdı. Necə ki, Ukrayna müharibəsində Almaniya iqtisadiyyatı əsas zərbəni aldı və Avropa iqtisadi modelinin əsası sarsıldı, İranla İsrail və ya birbaşa İranla ABŞ arasında baş verə biləcək münaqişədə də ən çox zərərçəkən tərəf ərəb ölkələri olacaq. Çünki onların uğurlu infrastrukturu, təhlükəsizliyə əsaslanan sərbəst və azad iqtisadiyyatları var və bütün bu sistemin təhlükə altına düşməsi ölkə iqtisadiyyatına çox böyük təsir göstərir. İran hücumlara hazırlaşır və sanksiyalar altında olan iqtisadi modelə sahibdir. İsrail isə özünü müdafiə etməyə çalışır və müəyyən mənada hücumlara qarşı immuniteti var. Amma körfəz ölkələrinin özəlliyi ondadır ki, onlar sülh şəraitində, daimi şəkildə sərbəst və azad dünya ticarətinə uyğunlaşaraq inkişaf ediblər. İndiki halda bu prinsiplərin hər hansı birinin zədələnməsi, həmin ölkələri çox böyük iqtisadi çöküşə yönəldə bilər. Təsəvvür edin, Dubayda və ya digər körfəz şəhərlərində sadəcə bir neçə raketin atılması, əmlak qiymətlərinin və digər göstəricilərin dəfələrlə aşağı düşməsinə, ölkənin milyardlarla vəsait itirməsinə səbəb ola bilər. Həmin ölkələrdən ekspatlar (xaricdə işləyənlər) çıxar və bu ölkələr qiymətli kadr potensialını itirərlər. Böyük sərmayə sahibləri, şirkət rəhbərləri və dünya milyarderləri həmin əraziləri yaşayış üçün seçmişlər, lakin təhlükə yarandıqda, onlar həm özləri gedəcək, həm də maliyyə vəsaitlərinin dövriyyəsindən məhrum olacaqlar. Körfəzin və ya Hörmüz boğazının bağlanması, dünyanın əsas ticarət mərkəzlərindən biri olan bölgənin bu funksiyasını itirməsinə səbəb olar. Başqa bir məsələ isə budur ki, bu ərazidə süni şəkildə salınmış şəhərlər – istər Bəhreyn, Qətər, Küveyt, Səudiyyə Ərəbistanı, istərsə də Birləşmiş Ərəb Əmirlikləri olsun – hər hansı bir eskalasiya zamanı ciddi ekoloji və humanitar fəlakətlə üzləşə bilər. Məsələn, şəhərlərin çoxu içməli suyun 80-90 faizini dəniz suyunun şirinləşdirilməsindən əldə edir. Təsəvvür edin ki, orada atılan hər hansı bir addım, su təchizatı və ya enerji sistemlərinin vurulması bu şəhərlərdə böyük ekoloji və humanitar fəlakət yarada bilər, eyni şəkildə neft-qaz obyektlərinin vurulması da çox böyük ekoloji fəlakətə yol açar. Yəni, real eskalasiya zamanı Körfəz ölkələri həddən artıq əziyyət çəkə bilərlər".
Politoloqun fikrincə, qlobal təhlükəsizlik baxımından Körfəz regionu xüsusi strateji əhəmiyyət daşıyır. Dünyanın enerji resurslarının 20 faizdən çoxu bu ərazidən ixrac olunur ki, bu da onu beynəlxalq iqtisadi sistemin əsas dayaqlarından birinə çevirir.
Onun sözlərinə görə, Hörmüz boğazının rolu yalnız enerji daşımaları ilə məhdudlaşmır. Bu marşrut eyni zamanda qlobal ticarət və maliyyə axınlarının mühüm hissəsini təmin edir. Ekspert “petrodollar” sisteminə də diqqət çəkərək bildirir ki, bu model Körfəz ölkələrindən ixrac olunan neft və qaz satışlarına əsaslanır və qlobal maliyyə sistemində ABŞ dollarının dominant mövqeyini gücləndirən amillərdən biridir.
Politoloq hesab edir ki, dünya maliyyə sistemi və real iqtisadiyyat arasında sıx qarşılıqlı asılılıq mövcuddur və bu balansda baş verəcək hər hansı ciddi pozuntu qlobal iqtisadi sabitliyə təsir göstərə bilər. Onun fikrincə, genişmiqyaslı eskalasiya maliyyə axınlarında dəyişikliklərə, dolların mövqeyində zəifləməyə və nəticə etibarilə ABŞ iqtisadiyyatına da dolayı təsirlərə yol aça bilər.