Heyətini gücləndirmək üçün transfer hazırlıqlarını sürətləndirən İstanbulun “Beşiktaş” klubu yerli oyunçu rotasiyasını genişləndirmək istəyir.
Metbuat.az xəbər Türkiyə mediasına istinadla xəbər verir ki, baş məşqçi Vinçenzo İtalianonun rəhbərliyi altında iddialı komanda qurmaq istəyən ağ-qaralar heyətini 3 milli ulduzla gücləndirməyi planlaşdırır. Klubun idman direktoru Öndər Özən transfer siyahısında yer alan futbolçuları heyətə qatmaq üçün artıq rəsmi təmaslara başlayıb.
"Qara qartallar"ın hədəfindəki futbolçular isə "Mançester Yunayted"də çıxış edən qapıçı Altay Bayındır, yarımmüdafiəçi Salih Özcan və sol cinah oyunçusu Aral Şimşirdir. Komandadan ayrılması gözlənilən Ersin Destanoğlunun yerinə Altay Bayındırı gətirmək istəyən klub rəhbərliyi digər tərəfdən Salih və Aralın menecerləri ilə danışıqları davam etdirir. Maddi şərtlərdə tam razılıq əldə olunacağı təqdirdə hər üç milli futbolçunun İstanbul nəhənginə keçməyə müsbət yanaşdığı bildirilir.