İran və ABŞ arasında gərginlik son günlər yenidən kəskinləşib. Tehran Vaşinqtonun həyata keçirdiyi son hərbi əməliyyatları sərt şəkildə pisləyərək bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirib və bu addımların əvvəlki atəşkəs və diplomatik təşəbbüsləri faktiki olaraq mənasızlaşdırdığını bildirib.
Metbuat.az xəbər verir ki, ABŞ tərəfi isə İranın hərbi infrastrukturuna, o cümlədən müşahidə, rabitə və hava hücumundan müdafiə sistemlərinə qarşı “özünümüdafiə xarakterli” zərbələr endirdiyini açıqlayıb. Vaşinqton administrasiyası bu əməliyyatların bölgədə ABŞ qüvvələri və beynəlxalq dəniz ticarətinin təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bildirir.
Eyni zamanda, ABŞ rəsmiləri diplomatik kanalların açıq qaldığını vurğulayaraq İranın nüvə proqramı ilə bağlı razılaşma əldə edilməsinin hələ də mümkün olduğunu qeyd edirlər. Bununla belə, tərəflər arasında etimadın zəif olması və qarşılıqlı hərbi mesajların artması regionda riskləri daha da yüksəldir.
Hazırkı dinamika Körfəz regionunda təhlükəsizlik balansını daha da həssas vəziyyətə gətirir. Enerji marşrutları, xüsusilə Hörmüz boğazı ətrafında artan gərginlik qlobal neft bazarlarına da əlavə təzyiq göstərə bilər.
“Eskalasiya mövcuddur, lakin...”
Məsələ ilə bağlı politoloq Əziz Əlibəyli bildirib ki, Körfəz regionunda hərbi eskalasiya artıq mövcuddur, lakin genişmiqyaslı toqquşma riski yüksək olsa da, vəziyyət hələlik nəzarət çərçivəsində qalır:

Fotoda: politoloq Əziz Əlibəyli
“2026-cı ilin 28 fevralında başlayan ABŞ–İsrail–İran müharibəsi de-fakto davam edir. İran cavab olaraq Körfəz ölkələrini, o cümlədən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreyni hədəf alır, raket və dron hücumları həyata keçirir.
Bu arada ABŞ hərbi bazaları və enerji infrastrukturları da hədəfə alınır. Körfəz ölkələri isə bunun müqabilində hava məkanlarının müdafiə sistemlərini aktivləşdirirlər. Hazırkı mərhələdə xüsusilə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində cavab tədbirlərinə dair ehtimallar da mövcuddur. Real eskalasiya davam edir. İran hücumları nəticəsində mülki və hərbi obyektlər zərər görür, enerji infrastrukturu da zədələnir.
Yenə də Fars körfəzi tam gərgin vəziyyətdə qalır. Lakin dediyim kimi, tammiqyaslı müharibə dedikdə, məsələn quru əməliyyatları başlasa, artıq bu mərhələyə keçid hesab oluna bilər. Hələ ki, raket və dron mübadiləsi davam edir. Bu isə asimmetrik müharibə xarakteri daşıyan, hava vasitəsilə davam edən toqquşma modelidir”.
CENTCOM: “Özünümüdafiə zərbələri davam edir”
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) iyunun 11-də yaydığı açıqlamada bildirib ki, qüvvələr baş komandanın göstərişi ilə əlavə özünümüdafiə zərbələri həyata keçirib.
Komandanlığın məlumatına görə, ABŞ Dəniz Piyadaları Korpusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin aktivləri Amerika qüvvələri və regional sulardan keçən beynəlxalq kommersiya gəmiçiliyi üçün təhlükə yaradan hədəflərə qarşı dəqiq idarə olunan sursatlardan istifadə edib.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə bildirib ki, Vaşinqton diplomatiyanı davam etdirərkən hərbi əməliyyatlar da paralel şəkildə davam edəcək. O, İranın Hörmüz boğazında ABŞ-yə məxsus Apaçi helikopterini vurduğunu iddia edərək deyib: “Biz onlara çox sərt hücum edəcəyik”.
“Yarımmüharibə vəziyyəti”: boğazda ticarət axını kəskin
azalır
Əziz Əlibəyli vəziyyəti hətta yarımmüharibə səviyyəsinə
yaxın qiymətləndirir. Onun sözlərinə görə, gündəlik 50–60 gəminin keçdiyi
Hörmüz boğazından hazırda maksimum 8 gəminin keçməsi eskalasiya riskinin real
göstəricisidir.
“Körfəz ölkələri cavab verməyə çalışırlar, amma tam hücumdan
çəkinirlər. Çünki İrana qarşı çıxarlarsa, əks-hücum riski ilə üzləşə bilərlər.
Paralel olaraq Pakistan kimi müttəfiq ölkələr Səudiyyəyə dəstək verir və tərəflər
arasında diplomatik kanallar işləyir.
Pentaqon: “İran üçün daha çox qarşıdurma ağılsızlıq olar”
ABŞ Müdafiə naziri Pit Heqset bildirib ki, İran son hərbi əməliyyatlardan sonra ABŞ-yə daha çox meydan oxumağın “ağılsızlıq” olacağını anlayır.
Hegseth Kubanın Quantanamo körfəzindəki ABŞ hərbi bazasına səfəri zamanı qeyd edib ki, hazırda həyata keçirilən əməliyyatlar müdafiə xarakterlidir:
“İranın bizə daha çox meydan oxuması ağılsızlıq olardı”.
O, həmçinin ABŞ Prezidenti Donald Trampın İranın nüvə silahı əldə etməsinin qarşısını tam şəkildə alacaq bir razılaşma əldə etməyə fokuslandığını bildirib:
“Prezident Tramp razılaşma axtarır. Amma sadəcə razılaşma deyil, İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin edən böyük bir razılaşma”.
Enerji riski: Hörmüz boğazı qlobal iqtisadiyyatın mərkəzində
Məsələnin digər kritik tərəfi iqtisadi risklərlə bağlıdır. Dünyanın neft təchizatının təxminən 20 faizinin keçdiyi Hörmüz boğazının bağlanma ehtimalı eskalasiyadan daha böyük maliyyə şokuna səbəb ola bilər.
Əziz Əlibəyli bildirir ki, boğaz bağlanarsa enerji şoku yaranacaq və təchizat itkisi baş verəcək:
“Körfəz ölkələrində neft hasilatı gündəlik 10 milyon barelədək azalıb. Ümumi itki isə 1 milyard barel səviyyəsinə yaxınlaşır və bu tendensiya davam edə bilər.
Qiymətlər müharibədən sonra 120 dollara qədər yüksəlib. Hazırda 91–97 dollar intervalında dəyişir və il ərzində 90–100 dollar aralığında qalma ehtimalı var”.
Asiya regionunda Çin, Yaponiya, Cənubi Koreya və Hindistan xüsusilə risk altındadır. Çünki onların enerji idxalının böyük hissəsi bu regiondan təmin olunur.
Əlbəttə, gündəlik təxminən 20 milyon barel neft axını nəzərə alındıqda bu, qlobal iqtisadiyyatda ciddi maliyyə itkisi yaradır. Körfəz ölkələrində ərzaq qiymətlərində 20–40 faiz artım müşahidə olunur.
Hava nəqliyyatı sektorunda da ciddi təsirlər qeydə alınır. Qətər Hava Yolları və BƏƏ aviaşirkətləri uçuş məhdudiyyətləri və hava məkanlarının bağlanması səbəbindən zərər görür.
Qlobal risk: inflyasiya və təchizat şoku ehtimalı
Politoloqun qeydinə görə, BMT-nin məlumatlarına əsasən ərəb ölkələrində daxili məhsul itkisi 194 milyard dollara çata bilər. Bu isə qlobal iqtisadiyyata birbaşa təsir edərək 2026-cı ildə təchizatın tələbdən geri qalması və inflyasiya risklərinin artması fonunda ABŞ və digər ölkələrin ehtiyatlardan istifadəsinə baxmayaraq uzunmüddətli şok inflyasiya ehtimalını gücləndirir.
Gülbəniz Hüseynli / Metbuat.az