“Forbes” jurnalının mütəmadi olaraq yenilədiyi dünyanın ən varlı milyarderləri siyahısında Türkiyə üzrə lider dəyişib.
Metbuat.az xəbər verir ki, “Astor Enerji” şirkətinin sahibi, Şanlıurfadan olan iş adamı Feridun Geçgel uzun müddətdir zirvədə qərarlaşan Murad Ülkəri geridə qoyaraq Türkiyənin ən varlı adamı olub.
İstanbul birjasında müşahidə olunan ümumi eniş meylinə meydan oxuyan “Astor Enerji”nin səhmləri son bir ay ərzində təxminən 15 faiz dəyər qazanaraq yüksəliş qrafikini davam etdirib. Şirkətin birjada nümayiş etdirdiyi bu güclü performans İdarə Heyətinin sədri Feridun Geçgelin şəxsi sərvətinin kəskin artmasına səbəb olub.
Son rəsmi məlumatlara görə, Geçgelin sərvəti bir gün ərzində 711 milyon dollar (15,66 faiz) artaraq 5,3 milyar dollar səviyyəsinə çatıb. Bu sıçrayışla o, Murad Ülkəri üstələyərək Türkiyə zənginlərinin siyahısında birinci sıraya yüksəlib və eyni zamanda dünya milyarderləri reytinqində 803-cü yerdə qərarlaşıb.