Bu gün Çempionlar Liqasının əsas mərhələsində “Qarabağ” üçün həlledici sınaq yaşanacaq. Təmsilçimiz son turda İngiltərənin nəhəng klublarından olan “Liverpul”la üz-üzə gəlir. Bu qarşılaşma xüsusi əhəmiyyət daşıyır, çünki qarşıda pley-off mərhələsi var və məhz bu oyun “köhlən atlar”ın taleyinə birbaşa təsir göstərəcək. Hazırda “Liverpul” turnir cədvəlində 15 xalla 4-cü pillədə, “Qarabağ” isə 10 xalla 18-ci mövqedə qərarlaşıb. Bəs görəsən, “Qarabağ” güclü rəqibdən xal almağı bacara biləcək? Pley-offa vəsiqəni təmin etmək üçün bu gecə hansı nəticə yetərli sayılır və komanda artıq növbəti mərhələyə keçidi qarantiləyibmi?
Futbol eksperti Kənan Məstəliyev Metbuat.az-a açıqlamasında bildirib ki, “Liverpul” ulduzlarla zəngin, nəhəng və tarixi bir komandadır, ona görə də belə bir rəqiblə meydana çıxmaq “Qarabağ” üçün artıq böyük hadisədir. “Qarabağ” bu tarixi oyunun zövqünü yaşamağa çalışacaq:
“Liverpul” böyük komanda olsa da, hazırda ciddi çətinlikləri də var. Xüsusilə mərkəz müdafiədə vəziyyət ağırdır. Demək olar ki, Virgil van Dijkdan başqa əsas mərkəz müdafiəçisi qalmayıb. Komandada zədəlilər çoxdur, ümumi forma da yüksək səviyyədə deyil. Cinahlarda da problemlər mövcuddur. Ümumilikdə, “Liverpul”un müdafiə xətti çətin vəziyyətdədir. Hücum xətti barədə də oxşar fikirlər söyləmək olar. Ekitike, Salah, Qakpo, Virts və digər futbolçular ad və qiymət baxımından çox güclü görünürlər. Kağız üzərində bu oyunçular nəhəng fiqurlardır. Amma buna baxmayaraq, rəqimibizin ön xətti istənilən səviyyədə məhsuldar deyil. Komanda lazım olandan daha az qol vurur. Əvəzində orta xətt daha yaxşı təsir bağışlayır. Bu zonada daha sıx və intensiv oynaya bilirlər. Orta xətt oyunçuları həm müdafiəyə kömək edir, həm də hücumun qurulmasında fəal iştirak edirlər”.

K.Məstəliyevin sözlərinə görə, “Liverpul”un problemləri var və onlar məğlubedilməz deyillər:
“Həm İngiltərə çempionatında, həm də Çempionlar Liqasında xal itirdikləri oyunlar olur. Lakin bu matçda “Qarabağ” üçün xal qazanmaq, xüsusilə də qələbə qazanmaq çətin olacaq. Rəqib öz meydanında oynayır və qələbə hesabına ilk səkkizlikdəki yerini qorumağa çalışacaq. Bu baxımdan “Liverpul” daha üstün tərəf sayılır”.
Ekspertin fikrincə, bu oyunda məğlubiyyət “Qarabağ” üçün ciddi problem olmayacaq, çünki komanda pley-off mərhələsini, demək olar ki, 99 faiz təmin edib:
“Ona görə də əsas məqsəd oynamaq, mübarizə aparmaq və oyundan zövq almaqdır. Əgər layiqli mübarizə göstərilərsə, hər şey mümkündür, niyə də bir xal olmasın? Ümumilikdə isə bu qarşılaşma nəticədən daha çox “Qarabağ”ın adını İngiltərə və dünya futbol səhnəsində bir daha təmsil etmək baxımından önəmlidir. Ona görə də oyundan zövq almaq lazımdır. Pley-off mərhələsi, məncə, artıq təmin olunub. Möcüzə və ya hər hansı fors-major hal baş verməsə, Azərbaycan təmsilçisi onsuz da pley-off-dadır”.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə bu gün saat 00:00-da İngiltərədə, “Enfild” stadionunda start götürəcək.
Sevinc İbrahimzadə / Metbuat.az