Aqrar Sığorta Fondu tərəfindən ölkədə indiyədək meyvə bağları üzrə ən böyük sığorta ödənişi həyata keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Aqrar Sığorta Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəvan Səmədli məlumat verib.

O bildirib ki, 2025-ci ilin mart ayında baş verən şaxta nəticəsində Xaçmaz rayonunun Nabran qəsəbəsində nektarin bağına ciddi ziyan dəyib:

"Hadisə ilə bağlı sahədə iki mərhələdə – ilkin və yekun ekspertiza aparılıb. İlin çiçəklənmə fazasında baş verən zərər yekun hesablamada təsdiqlənib və fermerə 712 min manat məbləğində sığorta ödənişi verilir. Bu məbləğ meyvə bağları üzrə indiyədək edilən ən böyük sığorta ödənişidir”.

Nümayəndənin sözlərinə görə, Aqrar Sığorta Fondu bu günə qədər ümumilikdə 20 milyon manata yaxın zərər ödənişi həyata keçirib. Fond tərəfindən 41 növ bitki – arpa, buğda, dənli bitkilər, tərəvəzlər və meyvə bağları sığortalanır. Son illərdə xüsusilə meyvə bağlarının sığortalanmasına maraq artıb. 2023–2024-cü illərlə müqayisədə sığorta müqavilələrinin sayında təxminən 21% artım müşahidə olunur.

Sığorta hadisələri sırasında fırtına, qasırğa, sel, su basma, leysan, şaxta vurma, dolu, torpaq sürüşməsi, yanğın və üçüncü şəxslərin hərəkətləri nəticəsində dəymiş zərərlər qeyd olunur.

R.Səmədli qeyd edib ki, sığorta haqqının 50%-i dövlət tərəfindən subsidiya olunur. Məsələn, bir hektar arpa sahəsini sığortalamaq istəyən fermer 30 manat sığorta haqqı ödəyirsə, bunun 15 manatı dövlət tərəfindən qarşılanır. Xaçmaz rayonunda bir hektar taxıl sahəsinin sığortası isə 13 manat təşkil edir. Bunun 6 manat 50 qəpiyi fermer tərəfindən ödənilir, qalan hissəsi isə dövlət büdcəsi hesabına təmin edilir.