Cənubi Qafqazda sabitlik və əməkdaşlıq imkanlarının artması bölgənin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Bu təkcə ölkələrarası münasibətləri deyil, həm də regional iqtisadi əlaqələri canlandıra bilər.

Turizm eksperti Ceyhun Aşurov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında dəhlizin açılması, ilk növbədə, hər iki ölkənin iqtisadiyyatına mühüm töhfə verəcək.

Onun fikrincə, zamanla bu siyasi razılaşma sülh müqaviləsi və digər mədəni yaxınlaşmalara səbəb ola bilər:

“Əlbəttə ki, hər şey Ermənistan tərəfinin gələcəkdəki davranışlarının səmimiyyətinə bağlı olacaq. Sülh birmənalı olaraq hər birimizin vacib saydığı amildir. Regionda sülhün olması iqtisadi inkişaf, insanların rifah və təhlükəsizlik şəraitində yaşaması deməkdir. Bu halda uzunmüddətli perspektivdə razılaşma əsasında ölkələr arasında müxtəlif ticarət əlaqələri reallaşa bilər. Tədricən ticari əlaqələrdən sonra gediş-gəlişlə bağlı müəyyən addımlar atıla bilər. Hazırda bu, ilkin mərhələdir, gedişat isə göstərəcək. Lakin sülhün hər iki ölkə və bütövlükdə region üçün əhəmiyyəti birmənalıdır”.

C.Aşurov qeyd edib ki, gələcəkdə Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrindən doğan səfərlər həyata keçirilə bilər:

“İlk növbədə rəsmi və mədəni səfərlər, daha sonra isə qarşılıqlı gediş-gəlişin artması mümkündür. Ümumilikdə vacib məsələ, yenə də vurğulamaq istəyirəm ki, sülhün əldə olunmasıdır. Digər məsələlər isə zamana və hər iki ölkənin davamlı, qarşılıqlı müsbət təşəbbüslərinə bağlı olaraq inkişaf etdirilə bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az