Mediada yayılan xəbərlərə görə, ABŞ Prezidenti Donald Trampın bu cümə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcəyi gözlənilir.

Bəs Tramp, həqiqətən, sülh sazişini tezləşdirə bilər? Bu görüş baş tutarsa, Ermənistan Azərbaycanın şərtlərini qəbul edəcək?

Politoloq Yusif Bağırzadə Metbuat.az-a açıqlamasında bildirib ki, əgər belə bir görüş keçiriləcəksə, təbii ki, həmin görüşdə sülh istiqamətində müvafiq irəliləyişlər də olacaq. Çünki bu səviyyəli görüşlər təsadüfən keçirilmir.

Onun sözlərinə görə, əgər görüş nəzərdə tutulubsa və bununla bağlı razılaşma varsa, demək ki, həmin görüşün müvafiq nəticəsi də olacaq:

“Məlumdur ki, son Əbu Dabi görüşündə tərəflər arasında beş saatlıq danışıqların nəticəsində müvafiq razılşamalar əldə olundu. Əbu Dabinin siyasi mərkəz olaraq ABŞ ilə yaxınlığını nəzərə alsaq, deyə bilərik ki, həmin görüşdə əldə olunan razılaşmalar, əslində, Trampla görüş üçün bir hazırlıq mərhələsi olub. O görüşdə əldə olunan razılaşmalar özündə əsasən sülh sazişi maddələrinin paraflanmasını, Zəngəzur dəhlizini və sərhədlərin delimitasiya-demorkasiya prossesini ehtiva edirdi”.

Y.Bağırzadə qeyd edib ki, indi Trampın iştirakı ilə keçiriləcək görüşdə sazişin paraflanması, yəni maddə-maddə imzalanması baş tuta və Zəngəzur dəhlizi ilə bağlı hansısa qərar qəbul oluna bilər:

“Sazişin maddə-maddə paraflanması tərəflərin sülh sazişi bağlamağa hazır olduqları ilə bağlı niyyəti ortaya qoymuş olacaq. Sülh sazişinin özünün bağlanması isə məlumdur ki, konkret şərtlərin yerinə yetirilməsindən asılıdır - yəni konstitusiya dəyişikliyi və ATƏT-in Minsk Qrupundan imtina. Əgər Tramp sülh sazişinin imzalanmasını tezləşdirmək istəyirsə, o zaman Ermənistana bu istiqamətdə “tövsiyyə” verməlidir. Əgər Ermənistan konstitusiya dəyişikliyi öhdəliyi götürəcəksə, onda hər hansı bir sənənd də imzalana bilər. Onsuz da bu və ya digər imzalanmış sazişin qüvvəyə minməsi üçün onun ratifikasiya olunması və sonra təsdiq edilməsi lazımdır”.

Politoloq əlavə edib ki, Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməkdən başqa yolu olmadığını və eləcə də ABŞ-nin öz maraqları baxımından olsa belə, sülh istəməsi baş verəcək görüşün nəticəli olacağına dair ümidləri artırır:

“ABŞ üçün Rusiyanın Cənubi Qafqazdan saxışdırılması və eləcə də Orta Asiya ölkələrinin Rusiya və Çinin təsir dairəsindən çıxarılması prioritet təşkil edir. Bunun üçün isə Cınubi Qafqazda sülhə və nəqliyyat yollarının blokadadan çıxarılmasına ehtiyac var”.

Sevinc İbrahimzadə / Metbuat.az