Bakının bəzi ərazilərində köhnə və qəzalı binaların sökülməsi nəzərdə tutulur. Bu, şəhərin Baş Planına uyğun olaraq mərhələli şəkildə həyata keçiriləcək. Bəs hansı ərazilərin sökülməsi planlaşdırılır?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc Metbuat.az-a açıqlamasında bildirib ki, ilk növbədə qəzalı binalar söküləcək.

“Hansı ki, bu binalar Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən birgə müəyyən olunub və onlar barədə akt tərtib edilib. Yəni artıq bu binalar qəzalı hesab olunur və istismara yararlı deyil. Bundan sonra ömrünü başa vurmuş binaların söküntüsünə başlanılacaq. Məsələn, ötən əsrin əvvəllərində tikilmiş, “fəhlə kombinatı” və ya “fəhlə binaları” adlandırılan tikililər söküləcək. Həmçinin birmərtəbəli, ikimərtəbəli və üçmərtəbəli köhnə binalar da söküləcək. Bu proses mərhələli şəkildə aparılacaq və binalar istismar müddətinə uyğun olaraq əvəz olunacaq”.

V.Oruc qeyd edib ki, konkret hansı ərazilərdə söküntü işlərinin aparılacağı Bakı şəhərinin Baş Planında göstərilib:

“Hazırda Yasamal rayonunun ərazisində, keçmiş Sovetski adlanan ərazinin qalıq hissəsində söküntü işləri davam etdirilir. Bundan əlavə, Binəqədi, Sabunçu, Suraxanı, Xətai, Nərimanov və Səbail rayonlarında da söküntülər planlaşdırılıb. Hal-hazırda bu əraziləri əhatə edən qəzalı binaların söküntüsü və sakinlərin kompensasiya ilə təmin olunması prosesinə start verilib. Növbəti mərhələlər üçün isə hazırlıq işləri görülür. Bu proses birdəfəlik həll oluna bilməz, çünki həm kompensasiyaların verilməsi, həm də yeni binaların tikintisi və abadlaşdırma işləri böyük büdcə tələb edir. Ona görə də bütün bu işlər mərhələli şəkildə həyata keçiriləcək”.

Ekspert əlavə edib ki, söküntü aparılacaq küçələri öyrənmək üçün Bakı şəhərinin 2040-cı ilə qədər olan Baş Planına və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verdiyi məlumatlara əsaslanmaq lazımdır:

“Hansı küçələrdə söküntü işlərinin aparılacağı ilə bağlı onlar proqnozlar verib. Bundan əlavə, yol-nəqliyyat infrastrukturunun yenilənməsi və modernləşdirilməsi də Bakı şəhərinin Baş Planında nəzərdə tutulub. Bu plana uyğun olaraq yolların çəkilməsi, abadlıq və yaşıllaşdırma işlərinin aparılması, parkların salınması, istirahət məkanlarının təşkil olunması planlaşdırılır. Bu layihələrə mane olan köhnə binalar söküləcək və proses hissə-hissə, mərhələli şəkildə həyata keçiriləcək”.

Sevinc İbrahimzadə / Metbuat.az