Əmək münasibətlərində insanın şəxsi həyatında baş verən hadisələr, xüsusilə də qohum itkisi kimi ağır situasiyalar nəzərə alınır. Qanunvericilik bəzi hallarda işçiyə itki ilə bağlı əlavə məzuniyyət hüququ verir. Lakin bu güzəşt hər qohumun vəfatı zamanı tətbiq edilmir. Əlavə məzuniyyət yalnız qanunla müəyyən edilmiş yaxın qohumlar dairəsinə aid şəxslərin vəfatı halında nəzərdə tutulur.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, Əmək Məcəlləsində yaxın qohumların dairəsi müəyyənləşdirilib:
“Bu dairəyə əsasən, ər, arvad, uşaqlar, ata, ana, baba və nənə daxildir. Lakin bu siyahı bir qədər geniş də ola bilər. Belə ki, işçi uzaq qohumu ilə bağlı məsələlərdə də işəgötürənlə razılaşaraq ödənişsiz məzuniyyət götürə bilər. Lakin bəzi hallarda işəgötürənlər işçiyə ödənişsiz, yəni öz hesabına məzuniyyət vermirlər. Məsələn, yaxın qohumun dəfnində iştirak etdikdə həmin günlər iş günü kimi rəsmiləşdirilir və əməkhaqqı ödənilir. Bəzi hallarda bu güzəşt üç və ya yeddi mərasimə qədər davam edə bilər. Güzəşt etmək işəgötürənin səlahiyyətindədir. Yəni bəzən ödənişsiz məzuniyyətə icazə verməyə də bilər. Bu, xüsusilə dövlət müəssisələrində və bəzi təşkilatlarda fərqli şəkildə tətbiq oluna bilər və vəziyyət işəgötürənin qərarından asılı olur".
Sevinc İbrahimzadə / Metbuat.az