Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki 141 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri 1 ildən artıqdır ki, yarımçıq qalıb.
Bu barədə Metbuat.az-a valideynlər şikayət ünvanlayıb.
Onların sözlərinə görə, 2023-cü ilin sentyabr ayında məktəbi sökməyə başlayıblar:
“Tikinti işlərinin cəmi 3 aya başa çatacağı vəd olunmuşdu. İlk korpus sökülüb və artıq bir ildir ki, orada yalnız bir mərtəbə var, o da tam tikilməyib. Digər korpusa isə ümumilikdə, söküldüyü vaxtdan bəri heç bir müdaxilə olunmayıb. İndi isə ümumiyyətlə tikinti prosesi tamamilə dayanıb. Məktəbin ibtidai sinif şagirdləri təmirə görə 104 nömrəli tam orta məktəbdə II növbədə, digər siniflərdə təhsil alan şagirdlər isə 146 nömrəli tam orta məktəbdə II növbədə təhsillərini davam etdirirlər”.
Məsələ ilə əlaqədar Təhsilin İnkişafı Fondunun nümayəndəsi Könül Abdulrəşidova Metbuat.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Fondun maliyyə dəstəyi və təşəbbüsü ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində ümumilikdə 7 ümumtəhsil müəssisəsində tikinti və əsaslı təmir işləri həyata keçirilir.
“Qeyd olunan təhsil müəssisələrinin əksəriyyəti istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olduğundan onların yenidən qurulması zərurəti yaranıb. Bu kimi irimiqyaslı layihələrin icrası zamanı planlaşdırılmamış texniki və təşkilati səbəblərdən müəyyən gecikmələr müşahidə oluna bilər. Bununla belə, Təhsilin İnkişafı Fondu aidiyyəti qurumlarla sıx əməkdaşlıq edərək layihələrin mümkün olan ən qısa müddətdə və yüksək keyfiyyətlə yekunlaşdırılması istiqamətində zəruri tədbirləri həyata keçirir. Məqsədimiz müasir tələblərə cavab verən, təhlükəsiz və dayanıqlı təhsil infrastrukturunun formalaşdırılmasıdır”.
Həmçinin qeyd olunub ki, hazırda yenidənqurma işləri aparılan məktəblərdə təhsil alan şagirdlərin tədris prosesi Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyi tərəfindən müvəqqəti olaraq digər ümumtəhsil müəssisələrində davam etdirilir.
Sevinc İbrahimzadə / Metbuat.az