Dünya bazarlarında son bir neçə həftədir neftin qiymətində ucuzlaşma müşahidə olunur.
Belə ki, 1 barelinin qiyməti 80 dollar ətrafında dəyişən “Azeri Light” markalı neftin qiyməti bu həftə 75 dolların üzərində olub. Hazırda isə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 78,12 dollar təşkil edir.
Neftin dünya bazarlarında ucuzlaşması yaxın günlərdə də davam edəcəkmi?
Məsələylə bağlı Metbuat.az-a münasibət bildirən iqtisadçı Cəfər İbrahimli bildirib ki, neftin qiymətinin bu səviyyəyə gəlməsi ilk növbədə siyasi məsələlərlə bağlıdır:
“İkinci məsələ isə qlobal iqtisadiyyatla bağlıdır. Son 3-4 ildir deyirik ki, neftin qiymətinə daha çox qlobal iqtisadiyyatda baş verən trendlər təsir edir. Dünya mərkəzi bankları faizi yüksəltsələr, iqtisadi aktivlik azalsa, bu, neftə olan tələbin azalmasına gətirə bilər. Bu da qiymətlərdə dəyişikliyə səbəb olar.
Son 2 həftədə dünya font birjalarında ciddi dalğalanma var. Tez-tez sərt düşüşlərin şahidi oluruq. Düşünürəm ki, qlobal iqtisadiyyatın daxildən azalması fonunda fond birjalarına düzəliş gəlir. Aktivlik üçün şirkət səhmlərinin gəlirliyi azalacaq. Məncə neft buna görə öz istiqamətini dəqiqləşdirə bilmir. Burada bir bağlantı görünür. Üçüncü rübün nəticələrinə uyğun olaraq şirkətlərin gəlirliyində azalma müşahidə olunur. Ona görə qiymətlərdə düzəlmə gedir.
Mövcud iqtisadi durumu nəzərə alsaq, sənayeləşmiş ölkələri, mövcud qlobal iqtisadiyyatı dəyərləndirdikdə, neftə ciddi tələbin azalacağını və qiymətlərin sərt şəkildə aşağı düşəcəyini gözləmək tezdir”.
Qeyd edək ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Xəyalə Məmmədova / METBUAT.AZ
“Çatışmayan sürət “Qarabağ”ın məğlub olmasına səbəb oldu” - Pərviz Musayev – TIKLAYIN!