Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qəbulundan sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Esenboğa hava limanında Mayk Pompeo ilə görüşüb.
Metbuat.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüş təxminən 40 dəqiqə davam edib. Görüşdən sonra açıqlama verən Türkiyə XİN rəhbəri bildirib ki, amerikalı həmkarı ilə Camal Kaşıkçı və Mənbiç məsələləri barədə müzakirə aparıblar. Çavuşoğlu faydalı və məhsuldar görüş keçirdiklərini qeyd edib.
Səudiyyə Ərəbistanının Baş konsulu ilə bağlı məsələyə toxunan XİN rəhbəri bildirib ki, Baş konsul deportasiya edilməyib: “Baş konsul deportasiya edilməyib, öz ölkəsinə gedib. Bu barədə qərarı Səudiyyə rəhbərliyi verəcək. Bu hadisədən sonra Baş konsul bəzi yanaşmaları ilə reaksiyalar topladı. Onun iqamətgahında və maşınlarında axtarış aparılacaq. Təəssüf ki, dünən axşam iqamətgahında araşdırma aparmaq mümkün olmadı. Səudiyyəlilər orada ailəsinin olduğunu iddia etdilər. Ancaq bu gün ora girməyə ümid edirik”.

Mənbiç məsələsilə bağlı açıqlama verən Çavuşoğlu bildirib ki, Mayk Pompeo ilə yol xəritəsini təsdiqləyirlər: “Sahədəki işlərdə bəzi gecikmələr ola bilər, lakin əsas budur ki, orada heç bir müqavimət yoxdur. Ortaq təlim proqramı başlayıb. YPG/PKK-lıların Mənbiçdən təmizlənməsi lazımdır. Təbii ki, Mənbiç kifayət etməz. Fəratın şərqinin də sabitliyə qovuşması üçün razılığımız var. Mənbiç bir model olacak, diğer bölgələrə de keçiləcək”.
ABŞ-ın sanksiyaları ilə bağlı açıqlama verən Çavuşoğlu deyib: “Sanksiyalar onsuz da absurd idi, bu məsələdə həmfikirik. Özləri də bunu dedilər. Artıq sanksiyanın olmaması üçün danışdıq. Sanksiyalar davam etdiyi müddətdə münasibətlər irəli gedə bilməz”.
Günay Elşadqızı / METBUAT.AZ