ABŞ dövlət katibi Mayk Pompeo Asiya turu çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla paytaxt Pxenyanda görüşüb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, daha sonra Cənubi Koreyaya səfər edən Pompeo, Seulda prezident Mun Ce-inlə bir araya gəlib. Pompeo ilə Kim Çen Inın görüşünə dair Cənubi Koreya Dövlət Başçısı Bürosundan verilən açıqlamada deyilir ki, Pompeo Kimlə Vaşinqtonun tələb etdiyi nüvə silahsızlaşdırma ilə bağlı addımları və bunların necə araşdırılacağını müzakirə edib.

Bəəyənatda deyilir ki, ABŞ və Şimali Koreyanın nüvəsizləşdirmə məsələsində işçi qrupunun yaradılması və ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında mümkün olan ən yaxın tarixdə ikinci zirvə görüşünün həyata keçirilməsi üçün əlaqələr davam edəcək.

Qeyd edək ki, Pompeo, Mun Ce-inlə birgə mətbuat konfransında Kimlə görüşünün detalları barədə açıqlama verməyib. O, bu barədə məlumatları Mun Ce-inə çatdırmaq istədiyini, Kimlə görüşün yaxşı və məhsuldar keçdiyini qeyd edib.

Qeyd edək ki, Donald Tramp Pxenyanda Mayk Pompeo ilə Kim arasındakı görüşlə bağlı Tvitter hesabında status yazıb:

“Dövlət katibi Mayk Pompeo bu gün Pxenyanda Şimali Koreya lideri Kimlə çox yaxşı görüş keçirib və Sinqapurdakı zirvə görüşündəki razılıqla bağlı irəliləyiş əldə edilib. Yaxın zamanlarda Şimali Koreya ilə təkrar görüşümüzü səbrsizliklə gözləyirəm”.

Günay Elşadqızı / METBUAT.AZ