Son günlərdə yük maşınlarının törətdiyi iki ağır yol qəzası gündəmin əsas mövzularından birinə çevrilib. Əvvəlcə sentyabrın 30-da Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Bakıdan Quba rayonuna turist aparan mikroavtobus Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən körpünün altında "Shacman" markalı yük maşını ilə toqquşub. Bu dəhşətli faciədə 17 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib və onlardan üçü dünyasını dəyişib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu hadisənin izləri aradan qalxmamış oktyabrın 4-də Bərdə rayonu, Mehdili kəndində yük maşını ilə minik maşını toqquşub. Biri azyaşlı olmaqla 4 nəfər həlak olub.
Yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, hadisələrin hər ikisi Bakıdan kənarda baş verib: "Yəni yük maşınlarının Bakıya daxil olmaması ilə bağlı qadağanın bunlara aid olmadığı açıq görünür. Bu tək yük avtomobilləri ilə bağlı məsələ deyil. Dəmiryolu keçidində baş verən hadisəni hər kəs gördü. Bütün bunları ümumi yol-hərəkəti təhlükəsizliyi məsələləri ilə əlaqələndirərdim. Düzdür, konkret hadisələrə istintaq, məhkəmə orqanları cavab verir. Araşdırıb hansı səbəbdən qəzaların baş verdiyini, günahkarın kim olduğunu üzə çıxarırlar. Ümumiləşdirib onu deyə bilərik ki, belə hadisələr ölkəmizdə yol hərəkəti təhlükəsizliyinin yaxşı vəziyyətdə olmamasının göstəricisidir. Yol hərəkəti təhlükəsizliyini bütün elementlər üzrə qeyd etmək lazımdır.
Bu təhlükəsizliyin əsas elementi yol hərəkəti iştirakçılarının məsuliyyətsiz, intizamlı davranışıdır. Məsuliyyətsiz, intizamlı davranış qaydasında deyir, məsələn, peşəkar deyil, hazırlıq səviyyəsi zəifdir, yol-hərəkət qaydalarını yaxşı bilmir yaxud da bilsə də, onlara riayət etmir, yol-hərəkət qaydaları nə üçündür onu anlamır. Məsələn, iki minik avtomobili toqquşanda nisbətən nəticələri az ağır olur.
Amma minik avtomobili ilə nəhəng yük avtomobili toqquşanda belə faciəvi ağır nəticələri olur. Yaxud avtobus iri yük avtomobili ilə toqquşanda turistlərin içərisində olduğu avtobus kimi ağır nəticələr baş verir. Əsas qüsurumuz yol-hərəkəti iştirakçılarının, xüsusilə, sürücülərin məsuliyyətsiz davranışlarıdır. İkinci əsas problem yol infrastrukturundakı problemlərdir. Məsələn, gecə vaxtı işıqlar yanmır, hərəkətin təşkilində problem var, müəyyən nişanlarda, yol örtüyündə də belə problemlər mövcuddur. Bütün bunlar da belə qəzalara səbəb ola biləcək amillərdəndir. Digər məsələ texnikalarla bağlıdır. Bəzən işıq cihazlarından düzgün istifadə olunmaması da belə hadisələrin baş verməsinə səbəb olur. Əsas elementlər bunlardır. Ən öndə gələn məsələ insan amilidir. Yol-hərəkəti təhlükəsizliyinə bizim yanaşmalarımız doğru deyil. Sürücü hazırlığı məsələsi də burada vacib amillərdən biridir.
Sürücülərin peşəkarlığında, onların təhlükəsizliklə bağlı bilgiləri və ona riayət etməsi məsələlərində ciddi qüsurlarımız var. Baxın, iki ağır yol qəzası baş verib, ikisində də yük avtomobili iştirak edib. Amma rəsmi məlumatlara baxıram, orada ümumiyyətlə, qeyd olunmayıb ki, o hadisələrdə yük avtomobilləri yoxsa digərləri günahkar olub. Əsas rəsmi məlumatlardır. Ola bilsin ki, yük avtomobillərinin sürücülərinin günahı yoxdur. Əgər qarşı tərəf günahkardırsa, buna yük avtomobilinin sürücüsü neyləsin? Sadəcə burada problem odur ki, yük avtomobili böyük olduğuna görə o daha öldürücüdür və manevr imkanları məhduddur. Sürətlər fərqi bizim sürücülərin ən kobud səhvlərindən biridir. Minik avtomobili sürətlə hərəkət edir, manevr imkanları genişdir. Amma bu avtomobilin sükanı arxasında olan sürücü bilmir ki, onunla yanaşı gedən yaxud onunla üz-üzə gələn nəhəng yük avtomobili onun sürdüyü kimi deyil, imkanları da fərqlidir. Bunları nəzərə almır və nəticədə yük avtomobilinin altına girir, bu cür faciəvi hadisələr baş verir. Belə hadisələrdə kimin günahkar olduğu, hadisənin hansı səbəbdən baş verdiyini istintaq orqanları araşdırır, bəzən cəmiyyətin heç bundan xəbəri də olmur.
Onu unutmaq olmaz ki, yollarda təhlükəsizliyi təmin edən əsas önəmli məsələ insan amilidir. Özü də geniş mənada insan amilidir. İlk növbədə, yol hərəkətini təşkil edənlər, yol hərəkəti təhlükəsizliyinə nəzarət edənlər, yol hərəkətinin iştirakçıları diqqətli və məsuliyyətli olmalıdırlar".
Milli.Az