Azərbaycanda tarixən müxtəlif millətlərin nümayəndələri qardaşlıq və dostluq şəraitində yaşayıblar. Vətənimiz təhlükədə olanda, hərbi təcavüzlə üzləşəndə milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımız torpaqlarımızı qorumaq naminə birləşiblər, dövlətimizin çağırışına səs veriblər. Bu, onların vətənpərvərlik hissindən və azərbaycançılıq əqidəsinə bağlılığından irəli gələn cəhət olub.
Ermənistan-Azərbaycan hərbi münaqişəsinin qaynar mərhələsi zamanı - 1992-1994-cü illərdə Qarabağ cəbhəsində torpağımızı düşməndən müdafiə edərkən azərbaycanlılarla yanaşı, neçə-neçə rus, tatar, ləzgi, talış, yəhudi, tat, avar və digər millətlərdən olan vətəndaşlarımız fədakarlıq nümunələri göstəriblər, onlardan bir qismi şəhid olub, itkin düşüb və yaralanıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda ləyaqətlə vuruşmuş və canını fəda etmiş hər bir oğulun xatirəsi bizim üçün əzizdir.
Ön cəbhədən geri qayıtmayan, müharibədə itkin düşərək sonradan ölmüş elan edilən hərbi qulluqçularımızdan biri də gizir Xamidulin Qelman Minullayeviçdir. Qelmanın bəzi sənədlərdə və nəşrlərdə adı və soyadı fərqli şəkildə qeyd olunub. Bu, həmin sənədləri hazırlamış qurumların, habelə ayrı-ayrı nəşrlərdəki yazı müəlliflərinin diqqətsizlik göstərərək doğum haqqında və ya ölüm haqqında şəhadətnamələrə istinad etməməsi ilə bağlıdır. Qelman 1963-cü il oktyabrın 19-da Bakıda tatar ailəsində dünyaya göz açıb. Atası Xamidulin Minulla Sibaqutuloviç 1967-ci ildə vəfat edib. Anası Kərimova Ravilə Zeydullayevna ikinci dəfə İmran Kərimovla ailə qurub və onun bir oğul, bir qız övladı dünyaya gəlib. R.Kərimova 2006-cı ildə vəfat edib. İ.Kərimov Qelmana atalıq edib, onu doğma övladlarından ayırmayıb. Ailədə qayğı ilə böyüyən övladlara cəmiyyətə layiqli vətəndaş olmaq əqidəsi aşılanıb, onların mənəvi tərbiyəsinə və təhsilinə diqqət yetirilib. Qelman Bakının Nərimanov rayonundakı 178 saylı tam orta məktəbdə təhsil alıb. Məktəb illərindən idmanın müxtəlif növlərinə maraq göstərib, xüsusilə cüdo və karate ilə müntəzəm məşğul olub. Müvafiq idman dərəcələrinə də yiyələnib. O, həmçinin, kitabsevər olması ilə fərqlənib.
1981-ci ildə Qelman Nərimanov Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Moskvada SSRİ Silahlı Qüvvələrinin tərkibində, artilleriya bölməsində keçib, “çavuş” hərbi rütbəsinə yüksəlib. Müddətli həqiqi hərbi xidmətdən sonra Moskvada texniki peşə məktəbində təhsil alaraq dülgər sənətini öyrənib. Bir müddət Moskvada yaşayıb və işləyib.
1988-ci ildə Qelman Azərbaycana qayıdıb. Həmin ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni separatizmi baş qaldırmışdı. Azərbaycanlılar qonşu Ermənistandan didərgin salınırdılar. Ermənistanla həmsərhəd olan rayonlarımız atəşə tutulurdu. Respublikamızda ictimai-siyasi vəziyyət kəskin şəkildə gərginləşmişdi. Belə vəziyyətdə olan respublikamıza qayıdan Qelman da baş verənlərdən narahat idi. O, qısa müddətdə paytaxtdakı mehmanxanalardan birində işləyib. Ancaq sakit mülki iş onun xarakterinə, həyata baxışlarına uyğun deyildi. Vətənin dar günündə onun müdafiəsində dayanmağı, xalqımızın əmin-amanlığının keşiyini çəkməyi mahir idmançı və hərbi xidmət təcrübəsi olan şəxs kimi Qelman özünün vətəndaşlıq borcu hesab edirdi. 1989-cu ildə Qelman polis sıralarına qəbul olundu, xüsusi təyinatlı bölmənin əməkdaşı kimi həyatında yeni mərhələyə qədəm qoydu. Çox keçmədi ki, onun Dağlıq Qarabağ və Ermənistanla sərhəd bölgələrə asayişin və təhlükəsizliyin qorunması, erməni yaraqlılarının zərərsizləşdirilməsi kimi xüsusi tapşırıqların yerinə yetirilməsi məqsədi daşıyan xidməti ezamiyyətləri başladı. Qelman Dağlıq Qarabağın bir sıra yaşayış məntəqələrində, o cümlədən Şuşada, habelə Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarının ərazisində polis əməkdaşı olaraq xüsusi əməliyyatlarda iştirak edib, bu zaman qətiyyət və cəsurluq göstərərək silahdaşları sırasında fərqlənib.
1992-ci ildən başlayaraq ön cəbhədə döyüşlər daha şiddətli xarakter almışdı. Artıq Azərbaycan müstəqil respublika olaraq Ermənistanın hərbi təcavüzü ilə üz-üzə qalmışdı. Həmin dövrdə erməni işğalçıları havadarlarının köməyi ilə bir sıra ərazilərimizi ələ keçirdilər, neçə-neçə yaşayış məntəqəmiz oda qalandı,minlərlə soydaşımız amansız müharibənin qurbanı oldu.
1992-ci ilin mart ayından başlayaraq, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları da döyüşlərdə iştirak edirdi. Qelman ön cəbhədə Daxili Qoşunların hərbi qulluqçularının şücaətini az görməmişdi. Onun yoldaşlıq münasibəti saxladığı hərbi qulluqçularımız da vardı. Bu cəsur polis əməkdaşını hərbi xidmət əslində daha çox cəlb edirdi, özü də müharibədə hərbçilərə onun təcrübəsinin gərək olacağını düşünürdü. Beləcə, 1992-ci ilin dekabr ayında Qelman Daxili Qoşunların sıralarına qəbul olunub. Hərbi qulluqçu kimi də öz yerini ön cəbhədə görürdü, bununla da torpaqlarımızın müdafiəsi uğrunda onun döyüş yolu davam etdi. Tərtər-Ağdərə istiqamətində şiddətli döyüşlərdən keçən Qelman dəfələrlə ölüm-qalım təhlükəsi ilə qarşılaşıb. Ailəsindən verilən məlumata görə, o, döyüşlərdən birində yaralanıb. Ancaq bu, onun iradəsini sarsıtmayıb.
1993-cü il fevral ayının 13-də gizir Xamidulin Qelman Minullayeviç Ağdərənin Mehmana (bəzi mənbələrdə Mehmanə, Mehmanlı və Mehmanı, hazırda Kəlbəcər rayonunun inzibati tərkibinə daxildir, işğal altındadır – Y.A.) kəndi ərazisində baş vermiş döyüş zamanı itkin düşüb (itkin düşdüyü tarix ailəsinə döyüş bölgəsindən gəlmiş hərbçilər tərəfindən bildirilib – Y.A.). Ancaq Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 2-670 nömrəli, 1997-ci il 9 aprel tarixli qətnaməsində Qelmanın 1993-cü ilin fevral ayında Ağdərə rayonunun Mehmanı kəndində döyüş vaxtı itkin düşdüyü qeyd olunsa da, ayın tarixi göstərilməyib. Həmin qətnamə ilə Xamidulin Qelman Minullayeviç hərbi əməliyyatlar zamanı itkin düşməsindən iki ildən çox vaxt keçməsi nəzərə alınaraq, ailəsinin müraciəti əsasında, qanunvericiliyin tələblərinə uyğun olaraq, ölmüş elan edilib.
Həmçinin, V-JQ 288650 nömrəli, 1998-ci il 22 iyul tarixli ölüm haqqında şəhadətnamədə də Qelmanın 1993-cü ilin fevral ayında Ağdərənin Mehmanlı kəndində həlak olduğu yazılıb.
Daxili Qoşunların Arxivindən verilən 530 nömrəli, 20.08.2018-ci il tarixli arayışda Qelmanın 1993-cü ilin fevral ayında Ağdərədə şəhid olduğu göstərilib. Arxivdə onun hərbi xidmət keçməsi barəsində tapılan yeganə rəsmi sənəd Daxili Qoşunlar Komandanının 02.04.1993-cü il tarixli şəxsi heyət üzrə müvafiq əmri ilə 15011 saylı hərbi hissədə (1993-cü ilin fevral-mart aylarında Ağdam-Ağdərə döyüş zonasında fəaliyyət göstərib. Burada diqqətçəkən məqam bu əmrin Qelmanın itkin düşdüyü fevral ayından bir müddət sonra imzalanmasıdır. Bu faktın özü də o vaxtkı müharibə reallıqlarından irəli gəlir – Y.A.) AQS-17 taqımının komandiri vəzifəsindən azad edilməsi haqqındadır. Ailəsindən Qelmanın Daxili Qoşunların sıralarında zabit rütbəsinə irəli çəkilməsi barədə redaksiyaya məlumat verilsə də, bunu təsdiq edən hər hansı bir sənəd aşkarlanmadı. Arxiv sənədində onun “gizir” hərbi rütbəsi daşıdığı qeyd edilib.
1999-cu ildə Bakıdakı “Çaşıoğlu” nəşriyyatında işıq üzü görən, Aliyə Ədalətin (Aliyə Hacıyeva) müəllifi olduğu “Şəhid ömrü yaşayanlar” kitabında Qelman haqqında məqalə verilib. Həmin məqalədə Qelmanın anasının xatirələri də öz əksini tapıb. R.Kərimova öz xatirələrində söyləyib ki, Qelman 1993-cü il fevralın 10-da axırıncı dəfə ailəsi ilə görüşüb. Fevralın 17-də R.Kərimova ön cəbhədə vəziyyətin ağır olmasından narahatlıq keçirərək Ağdərəyə getdiyini, oğlunun xidmət etdiyi hərbi hissəni tapdığını qeyd edib. Orada Qelmanın şəhid olduğunu, ancaq meyitinin düşmənin nəzarətindəki ərazidə qaldığını bildiriblər.
“Şəhidlik zirvəsi” qəzetinin 01-30 aprel 2008-ci il tarixli, 4-cü sayında Qelman barədə “Qorxmaz igid, etibarlı silahdaş” adlandırılan məqalə dərc olunub.
Ailəsi tərəfindən Qelmanın taleyinə aydınlıq gətirilməsi ilə əlaqədar ötən illərdə Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edilsə də, hansısa bir məlumat almaq mümkün olmayıb. 2017-ci ildə Qelmanın qardaşı və bacısından araşdırmaların aparılması üçün DNT nümunəsi də götürülüb.
Vətənin arxalandığı və güvəndiyi qeyrətli oğullar qan yaddaşımızda ehtiram zirvəsinə ucalıblar. Onlardan biri olan Qelmanın döyüş yolu çörəyini yeyib, suyunu içdiyi, canından əziz bildiyi doğma torpaq naminə fədakarlıq nümunəsidir.
Yalçın Abbasov, Daxili Qoşunların veteranı / Metbuat.az