"Azərbaycan Rusiya üçün həm də Qərbə pəncərə rolunu oynaya bilər".

"Bu gün Azərbaycan-Rusiya iqtisadi əlaqələri çox sürətlə inkişaf edir. Bu əlaqələrin tarixi ənənələri də var. Çünki Azərbaycan və Rusiya iqtisadiyyatını birlərşdirən daha öncəki iqtisadi əlaqələr mövcuddur. Eyni zamanda müasir dövrün tələblərinə uyğun olaraq iki dövlət arasında, eləcə də subyektlər arasında əməkdaşlıq getdikcə güclənir".

Milli Məclisin İqtisadi Siyasət, sənayə və sahibkarlıq komitəsinin, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tahir Mirkişili deyib.

Onun fikrincə, Rusiya ilk növbədə bizim üçün Azərbaycan məhsullarının bu ölkənin bazarlarına çıxarılması baxımından maraqlıdır: "Azərbaycan öz qeyri-neft sektorunu inkişaf etdirir, ölkədə dərin islahatlar həyata keçirilir, ölkənin ixracatı ötən ilə nisbətən 35 faizə qədər artıb. İxracatda ən önəmli yeri qeyri-neft məhsulları tutur. Bu cəhətdən baxdıqda Rusiya öz böyük bazarları ilə Azərbaycan üçün çox cəlbedicidir. Dünyanda ÜDM-nin həcminə görə 12-ci yerdə olan Rusiyanın illik idxalı 220 milyard dollardır. Bu rəqəm hər bir ölkəni Rusiya bazarlarına məhsul idxal etmək baxımından çox maraqlandırır.

Azərbaycan qeyri-neft məhsullarının təxminən 35 faizinə yaxınını Rusiya bazarlarına ixrac edir. Əsasən də kənd təsərrüfatı məhsullarının 90 faizi Rusiya bazarlarına çıxarılır. Ümumilikdə Azərbaycan bitki mənşəli məhsulların Rusiyaya idxalına görə Ekvador, Çin, Türkiyə və Braziliyadan sonra 5-ci yerdədir. Bu, çox böyük göstəricidir. Bunu rəqəmlə ifadə etsək, 400 milyon dollar edir. Digər ölkələrlə rəqabət apararaq idxal bazarında yüksək yerə sahib olmaq Azərbaycan iqtisadiyyatı üçün böyük uğurdur".

Azərbaycan-Rusiya münasibətlərinin inkişafı və güclənməsi bizim xeyrimizədir