Daxili İşlər Nazirliyi ötən gecə Ağstafada törədilmiş quldurluq hadisəsi ilə bağlı məlumat yayıb.
Publika.az nazirliyə istinadən xəbər verir ki, sentyabrın 17-də saat 4 radələrində Ağstafa şəhərində yaşayan Əmirxan Mustafayevin evə qarət məqsədi ilə girmiş 2 maskalı şəxs onun baş nahiyəsinə avtomat silahının qundağı ilə xəsarət yetirib havaya 2 dəfə atəş açaraq bıçaqla hədələyib pul verməsini tələb ediblər. Ə.Mustafayev onlardan birini tərkisilah edib, digəri isə hadisə yerindən qaçıb.
Ağstafa RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla saxlanılmış şəxsin Saloğlu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ceyhun Novruzov, qaçan şəxsin isə Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Budaqov olduğu müəyyən edilib. Cinayətin törədilməsində istifadə edilmiş “AKM” markalı silah, 1 ədəd patron darağı, 29 ədəd patron və 2 ədəd giliz polis əməkdaşları tərəfindən götürülüb.
Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində A.Budaqov polis əməkdaşları tərəfindən saxlanılıb.
Ağstafa RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.