"Azərbaycanda din adı altında ekstremist fəaliyyətlə məşğul olan şəxslər qanun qarşısında cavab verəcək".
Publika.az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O bildirib ki, Konstitusiyamıza uyğun olaraq, ölkədə dini etiqad qanun normaları ilə tənzimlənir:
"Burada məqsəd dinin mahiyyətini insanlara düzgün şəkildə çatdırmaq, Azərbaycanın mənəvi dəyərlərin, o cümlədən dini dəyərlərin həyata keçirilməsində qeyri-qanuni hərəkətlərə yol verilməsinin qarşısını almaqdır. Ölkəmizdə bütün dinlər qanun çərçivəsində saxlanılır. Bu istiqamətdə insanların maariflənməsi üçün tədbirlər görülür. İstər Qafqaz Müsəlmanlar İdarəsi, istərsə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, din xadimləri bu prosesdə iştirak edir. Onlar müxtəlif fətvalar verərək insanları düzgün istiqamətdə yönləndirirlər".
Siyavuş Novruzov əlavə edib ki, digər müsəlman ölkələrində bu mərasimin hansı şəkildə keçirilməsindən asılı olmayaraq, biz normalardan kənara çıxmayacayıq:
"Azərbaycan sərhədləri daxilində bu mərasim həm din, həm də qanun çərçivəsində keçirilir. Ölkəmizdə tolerantlıq var və qanunla qeydiyyatdan keçmiş bütün dinlərə müsbət yanaşılır. Ölkə başçısı dini mərasimlərin hər birində şəxsən iştirak edir. Sentyabrın 20-də Aşura günü qeyd ediləcək. İslamda özünü döymək, xəsarət yetirmək, baş yarmaq və digər bu kimi ifrat davranışlar qadağandır. Qurani-Kərimdə bunlar qeyd olunmur. Bunlar kənar qüvvələr tərəfindən din adı ilə gətirilib. Hesab edirik ki, insanlar Aşura günündə islami qayda-qanuna uyğun şəkildə davranmalıdırlar. Məhəmməd peyğəmbərdən ali din xadimi yoxdur. Bilirsiz ki, qanunvericilikdə ekstremist qüvvələrə qarşı qanun qəbul olunub. Bu qaydaları pozanlar qanun qarşısında cavab verəcəklər".
Könül Cəfərli