Tanınmış opera müğənnisi Məhərrəm Hüseynov La Skala səhnəsində çıxış edib.
Publika.az xəbər verir ki, əfsanəvi italyan teatrının səhnəsində çıxış etmək sənətçinin çoxdankı arzusu olub. O, Luici Kerubininin “Əlibaba və 40 quldur” tamaşası ilə debüt edib. Bu barədə vokalçı İnstaqramda məlumat verib:
“La Skalada debüt tamaşamın nümayişi keçirilib. Emosiyalarımı necə ifadə edəcəyimi bilmirəm. yanımda olub məni dəstəkləyən bütün həmkarlarıma təşəkkür edirəm. Bu gecəni həmişəlik yadda saxlayacam".
Tamaşanın rejissoru tanınmış kinorejissor Liliana Kavani, dirijoru isə Paolo Karininidir.
Məhərrəm Hüseynov Bakıda Leonid və Mstislav Rostropoviçlər adına musiqi məktəbini bitirib. O, çoxsaylı müsabiqələrin laureatıdır, Tom Kraus (Finlandiya) və Qalina Vişnevskaya (Rusiya) tərəfindən ustad dərsləri almaq üçün dəvət alıb. M.Hüseynov 2013-ci ildən Ozimo Akademiyasında təhsilini davam etdirir. İlk debütü Feniks Ozimo Teatrında "Karmen" operasında Morales partiyası olub. Bundan savayı o, "Don Juan" operasında eyniadlı qəhrəmanı oynayan ən gənc solistidir.