Azərbaycan Prezidenti İlham Əliyev “Məşğulluq haqqında” qanunu imzalayıb.
6 fəsil, 37 maddən ibarət qanun məşğulluğa kömək sahəsində
dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə
də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət
təminatlarını müəyyən edir.
Yeni qanunda işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti
orqanında qeydiyyata alınması qaydası yenidən müəyyən edilib.
Qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata
keçirilməsi nəzərdə tutulur. İlk dəfə olaraq işaxtaran və işsiz
şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən
seçilməsi hüququ verilir. Münasib iş təklifi üzrə müddət isə 11
gündən 5 günə endirilib.
Qanunda özünəməşğulluq tədbirlərinin mərhələləri və müddətləri
monitorinq, əmlakların qaytarılması və s. prosedurlar müəyyən
edilib. Sənədə əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı
torpaq payı olub digər məşğulluğu olmayan şəxslər də, müvafiq
şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə,
özünəməşğulluğa cəlb edilirlər.
İşsiz şəxslərin özünəməşğulluğunun təşkili zamanı ünvanlı dövlət
sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları
məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi
qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalan şəxslərə,
cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük
verilir.
Qanunda işaxtaran və işsiz şəxslərin sosial təminatlarına əlavələr
edilib, peşə hazırlığı dövründə işsiz şəxsə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi minimum aylıq əməkhaqqı
məbləğində təqaüd veriləcəyi nəzərdə tutulub. Bu məbləğ hazırki
məbləğdən (75 manat) 1.7 dəfə çoxdur.
“Məşğulluq haqqında” qanun layihəsinin 31-ci (“Qeyri-formal
məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı)
maddəsinə əsasən, qeyri-formal məşğulluğun aşkar edilməsi və
qarşısının alınması məqsədilə əmək ehtiyatları ilə bağlı
informasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu
müəyyən etməyə imkan verən digər informasiya sistemlərinin və
ehtiyatlarının əmək müqaviləsi bildirişi üzrə elektron infiormasiya
sisteminə inteqrasiyası əsasında müvafiq icra hakimiyyəti orqanı
tərəfindən “Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron
informasiya ehtiyatı yaradılır.
“Qeyri-formal məşğulluğa nəzarət”in vahid elektron informasiya
ehtiyatının inteqrasiyası tələb olunan informasiya sistemlərinin və
ehtiyatlarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
Qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv
tədbirlər görülməsi və risk qiymətləndirilməsi sisteminin müvafiq
icra hakimiyyəti orqanları tərəfindən tətbiqi “Qeyri-formal
məşğulluğa nəzarət”in vahid elektron informasiya ehtiyatı
vasitəsilə həyata keçirilir.
Bu Qanun qüvvəyə mindiyi gündən “Məşğulluq haqqında” Azərbaycan
Respublikasının 2001-ci il 2 iyul tarixli Qanunu ləğv edilir.