Bakı, 22 aprel, Əziz Məmmədov, Samirə Quliyeva, AZƏRTAC
Azərbaycan ilə Rusiyanın VTB Beynəlxalq Maliyyə Qrupu artıq çoxdan müvəffəqiyyətlə əməkdaşlıq edirlər. Altıncı ildir ki, ölkənin maliyyə bazarında “Bank VTB (Azərbaycan)” fəaliyyət göstərir. Bankın səhmlərinin 51 faizi VTB Qrupuna, 49 faizi Azərbaycanın “AtaHolding” şirkətinə məxsusdur. “Bank VTB (Azərbaycan)” Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi münasibətlərin inkişafında flaqmandır.
Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində “Bank VTB (Azərbaycan)”ın idarə heyətinin sədri Yuri Yakovlev məlumat verib.
Y.Yakovlev deyib: “Biz öz fəaliyyətimizdə məhz Azərbaycan iqtisadiyyatının real sektorunun inkişafına söykənirik. Həm yeni müştərək müəssisələrin yaradılmasına yardım edirik, həm də müxtəlif layihələrə qoşuluruq. Biz Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, habelə “Azərbaycan Dəmir Yolları” QSC ilə danışıqlar aparırıq. VTB Qrupu Azərbaycanın dəmir yolu infrastrukturunun modernləşdirilməsində və digər infrastruktur layihələrinin icrasında iştirak variantlarını nəzərdən keçirir. VTB Qrupu son illərdə Azərbaycan biznesinin iştirak etdiyi layihələrə təqribən 600 milyon dollar sərmayə yatırıb. Bankın qarşısında Rusiya-Azərbaycan münasibətlərini inkişaf etdirmək və yeni bazarlarda Azərbaycan biznesini dəstəkləmək vəzifəsi dayanır. Hazırda həmin əlaqələri möhkəmləndirmək, yeni layihələrə başlamaq üçün münasib vəziyyət yaranıb. Bu, həm də müəyyən embarqo ilə bağlıdır. Bildiyinizə görə, Rusiya Avropa ölkələrindən məhsullara embarqo qoyub. Azərbaycan öz məhsullarını Rusiya bazarına göndərərək, onu fəal şəkildə əvəzləyir.
Azərbaycan Dövlət Neft Fondu da VTB qrupunun səhmdarıdır. Fond bankın 500 milyon dollarlıq səhmini alıb. Neft Fondunun icraçı direktoru VTB Qrupunun müşahidə şurasına daxildir və onun işində müntəzəm iştirak edir. Ötən ilin oktyabrında Bakıda VTB Qrupunun müşahidə şurasının iclası keçirilib. VTB Qrupunun təcrübəsində ilk dəfə müşahidə şurasının iclası Rusiya Federasiyasının hüdudlarından kənarda keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin iki ölkə arasında ticari-iqtisadi və banklararası münasibətlərin genişləndirilməsi üzrə uzaqgörən və strateji baxımdan düşünülmüş siyasəti Azərbaycan ilə VTB Qrupu arasında son dərəcə uğurlu əməkdaşlığın başlıca amilidir. Y. Yakovlev deyib: “Bank VTB-nin prezidenti və idarə heyətinin sədri Andrey Kostin martın əvvəlində Azərbaycana gələrək, Prezident İlham Əliyev ilə görüşüb. Səfər zamanı vurğulanıb ki, “Bank VTB (Azərbaycan)” ölkənin ən etibarlı banklarından biridir. Maliyyə böhranlarına baxmayaraq, “Bank VTB (Azərbaycan)” həmişə VTB Qrupundan və Rusiya hökumətindən dəstək alır. Əmanətçilərimiz 100 faiz əmin ola bilərlər ki, onların əmanəti bizim bankımızda etibarlı şəkildə qorunur və çoxaldılır”.