Bakı, 22 aprel, AZƏRTAC 
Aprelin 22-də Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) 2015-cü ilin birinci rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.
BŞBPİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müşavirədə çıxış edən İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov cari ilin ilk üç ayının respublikamız üçün əlamətdar olduğunu vurğulayıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində Azərbaycanın uğurlu inkişafı davam edib, respublikamızın iqtisadi qüdrəti və beynəlxalq nüfuzu daha da artıb, sosial-iqtisadi problemlərin həlli istiqamətində mühüm addımlar atılıb. Bütün bu uğurların əsasını təşkil edən ictimai-siyasi sabitliyin qorunmasında, ölkədə qanunçuluğun və ictimai asayişin təmini sahəsində Daxili İşlər Nazirliyinin (DİN) üzərinə qoyulmuş vəzifələr layiqincə yerinə yetirilib.
Daxili işlər naziri Ramil Usubovun rəhbərliyi ilə əldə edilən bu nailiyyətlərdə DİN-in əsas strukturlarından biri olan BŞBPİ-nin də xüsusi xidmətləri olduğunu diqqətə çatdıran İdarə rəisi hesabat dövründə şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatının qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə imkan verdiyini qeyd edib.
Sonra 2015-ci ilin birinci rübündə paytaxtda cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun qorunması, ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş məruzə səsləndirilib. Qeyd olunub ki, hesabat dövründə Bakıda DİN və Prokurorluq üzrə ümumilikdə 2933 (ötən il 2957) cinayət qeydə alınıb. Onların 2402-si və ya 81,8 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 531-i və ya 18,1 faizi isə ağır və xüsusilə ağır cinayətlər olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 7, az ağır cinayətlər 5,9, böyük ictimai təhlükə törətməyən cinayətlər 4, mülkiyyət əleyhinə cinayətlər 0,2 faiz, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluğu 3,8 dəfə, xüsusi əmlak oğurluğu 10,7, mənzillərdən oğurluq 11,4, avtonəqliyyat oğurluğu 11,1, insan alveri cinayətləri 35,3 faiz azalıb, xuliqanlıq cinayətləri isə sabit qalıb. Ümumi cinayətlərin 68,7 (ötən il 66,4 faiz), ağır növ cinayətlərin 75,5 (ötən il 73,0 faiz), bütövlükdə naməlum şəraitdə baş vermiş cinayətlərin isə 56,8 faizinin (ötən il 55,9 faiz) açılması təmin olunub.
Bununla yanaşı, hesabat dövründə qeydə alınmış şəxsiyyət əleyhinə 444 cinayətdən ötən ildən icraatda olmuş cinayətlərlə birlikdə 89,9 faizinin (ötən il 86,4 faiz), o cümlədən qəsdən adam öldürmələrin (ötən il 85,0 faiz), eləcə də adam öldürməyə cəhdlərin, zorlamaların (ötən il 83,3 faiz) hamısının açılması təmin olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qəsdən sağlamlığa ağır zərər vurma cinayətlərinin açılması 1,8, qəsdən sağlamlığa az ağır zərər vurma cinayətləri 5,7, mülkiyyət əleyhinə cinayətlər 2,8, xüsusi əmlak oğurluqları 4,3, o cümlədən mənzil oğurluğu 3,1, dələduzluq cinayətləri 4,9, zorlama cinayətlərinin açılması 16,7, hədə-qorxu ilə tələb etmələr 66,6, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 1,2 faiz yaxşılaşıb.
Hesabat dövründə 18 soyğunçuluq və quldurluq cinayəti törətmiş 38 nəfərdən ibarət 15 qrup, eləcə də 29 mənzil oğurluğu cinayəti törətmiş 27 nəfərdən ibarət 12 qrup ifşa edilib. Həmçinin bu müddətdə aşkar edilmiş 380 fakt üzrə qanunsuz dövriyyədən 108 kiloqram 284 qram (ötən il 72 kiloqram 616 qram) narkotik vasitə çıxarılıb.
Bildirilib ki, paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, qanunsuz keçirilməsinə cəhd göstərilən aksiyaların qarşısı alınıb, şəhər miqyasında təşkil olunan çoxsaylı kütləvi tədbirlərdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı keçirilən mərasimlərdə ictimai asayişin mühafizəsi nümunəvi təmin olunub. İstintaq işlərinin və təhqiqatın aparılması, yol hərəkəti təhlükəsizliyinin təmini, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, onların ərizə və müraciətlərinə baxılması, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülüb, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin edilib.
Müşavirədə Bakı Polis Qarnizonunun bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov əməliyyat müşavirəsinə yekun vuraraq paytaxt polisinin cari ilin birinci rübündəki xidməti fəaliyyətini ümumilikdə müsbət qiymətləndirib, nöqsan və çatışmazlıqları diqqətə çatdırıb, onların aradan qaldırılması istiqamətində tapşırıqlarını verib. Baş İdarənin rəisi ölkə rəhbərliyinin birinci Avropa Oyunları ilə əlaqədar əmin-amanlıq, təhlükəsizlik məsələlərinə xüsusi əhəmiyyət verdiyini və bu sahədə qarşıda duran vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırıb.
Mirqafar Seyidov daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisinin şəxsi heyəti bundan sonra da paytaxtda cinayətkarlığa qarşı mübarizəni, ictimai asayişin təmini istiqamətində xidməti fəaliyyətini əzmlə davam etdirəcək, verilən göstərişləri, əmrləri layiqincə yerinə yetirəcək, paytaxtda qanunçuluğun və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq.