Bakı, 22 aprel, AZƏRTAC
2014-2015-ci tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi fənn olimpiadasının nəticələri Avropa Azərbaycan Məktəbinin uğurları silsiləsinə yeni bir uğur da əlavə etdi. Bu rəqabətli bilik yarışı gənclərimizin zəngin və çoxşaxəli biliyinin, vətənpərvərliyinin, müxtəlif ictimai işlər və sosial həyatda yetişməsinin göstəricisi və sübutudur. Respublika fənn olimpiadasının final mərhələsinin qalibləri XI sinif şagirdləri Günay Məmmədova və Fərid Muradov tarix fənni üzrə I yerə, XI sinif şagirdi Əsmər Quliyeva isə Azərbaycan dili fənni üzrə III yerə layiq görülüblər.
Belə yarışlar fənləri daha dərindən mənimsəməyə stimullaşdırır, məktəblilər arasında sağlam rəqabət yaradır. Eyni zamanda, olimpiadalar və ümumilikdə bilik yarışları tədrisin keyfiyyətinin yüksəldilməsinə kömək edir.
2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilən Avropa Azərbaycan Məktəbi yerli və beynəlxalq kurikulum əsasında dünyanın ən qabaqcıl təhsil standartları ilə fəaliyyət göstərən modern təhsil müəssisəsidir. Məktəb 2013-cü ildə dünyada ibtidai və orta təhsil üzrə ixtisaslaşmış ən böyük təşkilatlardan olan Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) üzv qəbul edilib.
Avropa Azərbaycan Məktəbi, həmçinin Beynəlxalq Bakalavriat Təşkilatına bu qurumun ibtidai təhsil (PYP) və diplom proqramları üzrə təhsil vermək üçün namizəd məktəbdir.