Astara, 22 aprel, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə Astara şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün təşkil edilmiş açıq tarix dərsləri davam edir.
AZƏRTAC xəbər verir ki, müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında keçirilən növbəti açıq dərsdə Astara şəhərinin 1, 3, 4 və 5 nömrəli tam orta məktəblərinin şagirdləri iştirak ediblər.
Məktəblilər əvvəlcə Mərkəzdə dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin keçdiyi şərəfli ömür yolunu əks etdirən filmə baxıb, böyük rəhbərin zəngin və mənalı həyatını əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Tarix müəllimi Elçin Mirzəzadə hər iki mövzu ilə bağlı məruzə edib. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri, dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verən E.Mirzəzadə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərin xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını diqqətə çatdırıb.
Dərsdə, həmçinin Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin XX əsrdə xalqımızın ən böyük nailiyyəti olması, dövlət quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti barədə şagirdlərə ətraflı məlumat verilib.
Ümummilli Liderin siyasi xətinin layiqli davamçısı Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artdığını vurğulayan E.Mirzəzadə, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlardan danışıb, əldə edilmiş siyasi sabitliyi və davamlı inkişafı əhalinin maddi-rifah halının daha da yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərin məntiqi nəticəsi kimi qiymətləndirib.
Dərs zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb.