Bakı, 22 aprel, AZƏRTAC 
Bu ilin birinci rübündə “PAŞA Həyat” sığorta şirkətinin ümumi aktivlərinin həcmi 14,1 milyon manat və ya 15,4 faiz artaraq 106 milyon manata, investisiya portfeli isə 5,5 milyon manat və ya 6,8 faiz artaraq 86,0 milyon manata çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin strateji inkişaf üzrə direktoru İsrail Qarayev bildirib.
İ.Qarayev qeyd edib ki, rüb ərzində “PAŞA Həyat”ın sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 milyon manat və ya 54,4 faiz artaraq 14 milyon manat, sığorta ödənişlərinin həcmi isə 1,1 milyon manat və ya 3,5 dəfə artaraq 1,5 milyon manat təşkil edib.
Sığorta şirkətinin əsas maliyyə sabitliyi göstəricisi olan sığorta ehtiyatlarının həcmi rüb ərzində 10,7 milyon manat və ya 23,4 faiz artaraq 56,3 milyon manata çatıb. Birinci rübün nəticələrinə əsasən, “PAŞA Həyat” sığorta daxilolmaları üzrə 44 faizlik bazar payına malik olmaqla ölkənin həyat sığortası bazarının mütləq lideridir.
Qeyd edək ki, “PAŞA Həyat” sığorta şirkəti ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Kapitallaşma səviyyəsinə və biznes göstəricilərinə görə şirkət həyat sığortası bazarının ən iri şirkətidir. Aprelin 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edib.