Ağcabədi, 22 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Prezidentinin tapşırığına əsasən fevralın 1-dən başlayaraq ölkəmizin hər yerində olduğu kimi, Ağcabədi rayonunda da əhalinin kütləvi tibbi müayinəsi uğurla həyata keçirilir. İndiyədək tibbi müayinədən 72 min 890 nəfər rayon sakini yararlanıb.
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Novruz Abbasov AZƏRTAC-a bildirib ki, rayonun tibb işçiləri əhalinin sağlamlığının qorunması, xəstəliklərn erkən aşkarlanması, müalicəsi və profilaktikası məqsədilə keçirilən aksiyada fəal iştirak edirlər. Tibbi müayinələrin keçirildiyi rayon mərkəzi xəstəxanası ən müasir tibbi avadanlıq və aparatlarla təchiz edilib. Burada hər gün yüzlərlə sakin müayinə olunur. Bundan başqa, səyyar həkim briqadaları tərəfindən qəsəbə və kəndlərdə də əhalinin müayinəsi aparılır. Artıq rayonun 36 yaşayış məntəqəsində tibbi müayinələr başa çatıb. Müayinələr zamanı xəstəlik aşkar edilən 6446 nəfər ambulator, 1429 nəfər stasionar müalicəyə cəlb olunub, 168 nəfər isə Bakı şəhərinin ixtisaslaşmış xəstəxanalarına göndərilib.
Əhalinin müayinəsi sakinlər tərəfindən razılıqla qarşılanır.