"Bu, qərəzli, həmçinin yerli reallığı ümumiyyətlə bilmədən, Azərbaycan mühiti ilə tanış olmadan hazırlanmış hesabatdır".
Bunu gün.az-a açıqlamasında APA Holdinqin prezidenti Vüsalə Mahirqızı, mənzil-qərargahı ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) son hesabatına münasibət bildirərkən deyib.
Qeyd edək ki, CPJ dünyada ən çox senzura tətbiq olunan ölkələrin siyahısını tərtib edib.
Hansı kriteriyalara əsaslandığı bilinməyən bu hesabata görə, Azərbaycan senzura tətbiqinə görə 5 yerdə göstərilib. Azərbaycandan daha pis vəziyyət kimi hesabat müəllifləri Eritreya, Şimali Koreya, Səudiyyə Ərəbistanı və Efiopiyanı göstəriblər.
İlk onluğu Azərbaycanda sonra Vyetnam, İran, Çin və Myanmar tamamlayır.
V.Mahirqızı hesab edir ki, təkcə, bir fakt bu hesabatın nə qədər qərəzli olduğunu və reallığı əks etdirmədiyini sübut etmək üçün kifayətdir.
“Azərbaycanda internet azaddır, ölkədə bütün sosial şəbəkələrə sərbəst çıxış imkanları var, bütün sosial şəbəkələrə giriş qeyri-məhduddur. Ölkə tamamilə telekommunikasiya sistemi ilə təchiz olunub və bir neçə mobil operator fəaliyyət göstərir. Ölkədə əhalinin böyük hissəsinin ən azı iki sosial şəbəkədə profili var. İndiyə qədər bir dəfə də hansısa sosial şəbəkəyə məhdudiyyət tətbiq edilməsi ilə bağlı fakt olmayıb”.
APA Holdinqin rəhbərinin fikrincə, halbuki, Azərbaycanın, məsələn, avqust hadisələrində sosial şəbəkələrə girişi məhdudlaşdırmaq üçün tam səlahiyyəti var idi, dünyanın bir çox ölkələrində də bu praktika tətbiq edilib: “Milli təhlükəsizliyə təhdid olduğu zamanda belə, bu edilmədi. Halbuki bəzi ölkələr adi kriminal hadisələr zamanı belə sosial şəbəkələrə məhdudiyyət tətbiq edirlər. Hər kəsin sosial şəbəkəyə azad çıxış imkanı, istədiyi fikri yazmaq, istədiyi video görüntünü yaymaq imkanı olduğu ölkədə necə “ən çox senzura tətbiq etmək” ola bilər? Yalnız internetin azad olması və sosial şəbəkələrə sərbəst giriş imkanın olması faktı Azərbaycanın ilk 50-likdən o yana olmasını qarantiyalayır. Əlbəttə, söhbət ədalətli yanaşmadan gedir".