Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Qurban bayramında heyvan kəsmək, satmaq istəyənlər üçün məntəqələr müəyyən olunub.

Bu barədə Publika.az-a Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevin məlumat verib.

“Hər il Qurban Bayramı ərəfəsində küçələrdə və yol kənarlarında heyvan kəsimi kütləvi xarakter daşıyır. Nəticə etibarı ilə baytarlıq-sanitariya və gigiyena normaları kobud şəkildə pozulur. Bunla bağlı lazımi tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətli şəxsləri yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birlikdə yerlərdə monitorinqlər keçirmiş və bayramla əlaqədar müqvəqqəti olaraq çadırlarda heyvan kəsiminin təşkil olunması üçün ən optimal yerlər müəyyən olunmuşdur.

Qida Təhlükəsizliyi Agentliyi bayram günlərində küçə və yol kənarlarında qurbanlıq heyvan satmaq, və ya kəsmək istəyən şəxslərə yerli İcra Hakimiyyəti orqanları tərəfindən yaradılacaq kəsim məntəqələrinin xidmətlərdən istifadə etməyi tövsiyə edir. Bununla bağlı həmin şəxslər əvvəlcədən yerli icra orqnlarına müraciət edə bilər”-deyə, o bildirib.

M.Piriyev onu da əlavə edib ki, bu cür yerlərdə kəsimdən əvvəl və sonra baytarlıq nəzarəti həyata keçiriləcək.