“Neftçi” Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda “İnter”ə (1:2) məğlub olsa da, iki matçın yekun nəticəsinə əsasən, finala yüksəlib. Dünənki görüşdən sonra “Neftçi”nin yarımmüdafiəçisi Erik Ramos apasport.az saytına müsahibə verib.
  
- Oyunun belə gərgin keçəcəyini gözləyirdinizmi?

- Həqiqətən də, çətin oyun keçdi. “İnter” qələbə qazanmağa layiq idi. Böyük oyun oldu. İlk görüşdə qazandığımız qələbə bir qədər arxayın çıxış etməyimizə şərait yaratdı. Cavab matçında hesabı qorumağa çalışdıq.
  
- İkinci hissədə “Neftçi” heç cür özünə bənzəmədi. Səbəbini izah edə bilərsinizmi?

- “İnter” xüsusilə ikinci hissədə çox yaxşı oynadı. Qələbə qazanmaq üçün də şansları oldu. Amma hansısa konkret səbəb göstərə bilmərəm.
 
- “İnter”in yaxşı oynadığını dediniz. Bəs komandanız niyə zəif çıxış etdi?

- Fiziki durumumuzda problem var. Axır vaxtlar sıx qrafiklə oynayırıq. “İnter” son turda dincəldi, amma biz oynadıq. Bu da təsir edən amillərdəndir.
  
- Həlledici görüşdə “Qarabağ”la qarşılaşacaqsınız. Bu cür oyunla onları məğlub edəcəyinizi düşünürsünüz?

- Qətiyyən. Bu cür oyunla onları yenmək olmaz. “Qarabağ”a qol vurmaq lazımdır. Onlarla oyunumuz daha çətin olacaq. Amma hazırlaşmaq üçün vaxtımız var.
  
- Həftəsonu Premyer Liqada “Qarabağ”la qarşılaşacaqsınız. Bu oyunu finala hazırlıq saymaq olarmı?

- İyunun 3-də necə çıxış edəcəyimizi düşünməliyik. Həmin vaxt oynayacağımız futbolu indi göstərməliyik. Təbii ki, qələbə qazanmalıyıq.
  
- Ümumiyyətlə, son turlar, xüsusilə də, ikinci hissədə zəif təsir bağışlayırsınız. “Xəzər Lənkəran”la matçın fasiləsindən sonra 2 qol buraxdınız, “Qəbələ” ilə qarşılaşmanın taleyi də ikinci hissədə həll edildi. Bu təkcə fiziki hazırlıqla bağlıdır?

- Həftə ərzində baş məşqçi ilə də söhbət edəcəyik. Nəyisə dəyişməliyik. Amma oyundan-oyuna daha yaxşı çıxış etdiyimizi düşünürəm. “Neftçi” böyük komanda olduğunu meydançada göstərməlidir.
  
- Artıq finaldasınız. Kubok haqda daha çox düşünəcəyinizi gözləmək olarmı?

- Finala çox var. Hələ çempionat oyunlarına köklənməliyik. Bu turda “Qarabağ”la, növbəti oyunda isə “İnter”lə qarşılaşacağıq. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.

Milli.Az