“Qalatasaray” Alperi dünya ulduzu ilə dəyişir
Türkiyə Süper Liqində üst-üstə 4-cü dəfə çempionluq qazanaraq tarixi uğura imza atan “Qalatasaray” yeni mövsümdə UEFA Çempionlar Liqasında daha böyük nailiyyətlər əldə etmək üçün transfer fəaliyyətlərini sürətləndirib.
Metbuat.az xəbər verir ki, sarı-qırmızılılar bu dəfə gözünü dünya miqyasında tanınan bir futbolçuya dikib. Bu transfer layihəsinin əsas maliyyə mənbəyi isə komandanın parlayan ulduzu Barış Alper Yılmaz olacaq. Avropa klublarının sıx maraq dairəsində olan və yüksək transfer haqqı ilə komandadan ayrılması gözlənilən Barış Alper Yılmazın yerini doldurmaq üçün “Qalatasaray” rəhbərliyi yenidən hərəkətə keçib.
Türkiyə mediasının yazdığına görə, İstanbul təmsilçisi Portuqaliya millisinin və “Milan”ın ulduzu Rafael Leaonun transferi üçün ciddi addımlar atır. Baş məşqçi Okan Burukun portuqaliyalı vingerin həm cinahlarda, həm də mərkəz hücumçusu mövqeyində oynaya bilmək keyfiyyətlərini çox bəyəndiyi və bu keçidi xüsusilə istədiyi bildirilir. Barış Alper Yılmazın mümkün gedişindən əldə olunacaq böyük büdcə birbaşa Leaonun transferinə yönəldiləcək.