“Fənərbaxça”nın yeni prezidentindən
ilk transfer
“Fənərbaxça”da keçirilən prezident seçkilərindən qalib ayrılaraq 8 ildən sonra yenidən kürsüyə oturan əfsanəvi başqan Əziz Yıldırım yeni mövsümün transfer bombalarını partlatmağa hazırlaşır.
Metbuat.az xəbər verir ki, seçki prosesi zamanı azarkeşlərə verdiyi vədi yerinə yetirmək üçün vaxt itirmədən hərəkətə keçən Yıldırımın hələ səsvermədən öncə hücum xəttini gücləndirəcək iki məşhur santrforun keçidini böyük ölçüdə razılaşdırdığı məlum olub. Klubun yeni rəhbərliyi ümumi dəyəri 45 milyon avro səviyyəsində qiymətləndirilən bu transferlərlə qol yollarında yaşanan sıxıntıya birdəfəlik son qoymağı hədəflənir.
Siyahının ilk pilləsində sarı-lacivərdli azarkeşlər tərəfindən çox sevilən ulduz futbolçu, hazırda İspaniyanın “Malyorka” klubunda çıxış edən Vedat Muriqi yer alır. “Fənərbaxça”nın yeni rəhbərliyi 32 yaşındakı kosovolu qolçu üçün klubuna 15 milyon avro bonservis ödəyərək onu yenidən Kadıköyə gətirməyə hazırlaşır.
Digər səs-küylü transfer isə Almaniyanın “Borussiya Dortmund” klubunda forma geyinən məşhur hücumçu Serhou Guirassydir. Alman təmsilçisi ilə hər mövzuda razılıq əldə edən rəhbərlik 30 yaşındakı qvineyalı santrforu tibbi müayinədən keçmək üçün ən qısa zamanda İstanbula dəvət edəcək.