İdman

Sabah son saniyələrdə "Zirə"ni məyus etdi

Metbuat.az

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Publika.az xəbər verir ki, açılış oyununda debütant "Sabah" autsayder "Zirə"ni qəbul edib.

"Əlincə Arena"da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 45+1-ci dəqiqədə "Sabah"ın futbolçusu Məqsəd İsayev açıb. O, cərimə meydançasının daxilində Cavid İmamverdiyevin ötürdüyü topu "9-luğ"a göndərib.

73-cü dəqiqədə isə "Zirə"nin heyətində Tellur Mütəllimov fərqlənib. O, Pərdis Fərcad-Azadın ötürməsini qola çevirib.

Qonaqlar oyun ərzində üstün oynasalar da, debütant 90+2-ci dəqiqədə Cavid İmamverdiyevin qolu ilə qalib gəlib. Vitali Kvaşukun ötürməsindən sonra rəqib qapısına yol tapan 27 yaşlı yarımmüdafiəçi "Sabah"ın heyətində ilk qolunu vurub.

Qələbədən sonra xalını 16-ya çatdıran "Sabah" 3-cü sıraya yüksəlib. "Zirə" isə 4 xalla sonuncu yerdədir.

Qeyd edək ki, turun növbəti oyunu “Sumqayıt” və “Qəbələ” komandaları arasında keçirilir. Qarşılaşma saat 18:00-da start götürüb. Həftəyə oktyabrın 28-də keçiriləcək “Səbail” – “Keşlə” və “Neftçi” – “Qarabağ” matçları ilə yekun vurulacaq.