"Malta da onu edib 1 xal aldı" - MÜSAHİBƏ
Azərbaycan millisinin futbolçusu Qara Qarayev Maltayla Bakı Olimpiya Stadionunda 1:1 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının matçından sonra brifinq keçirib.
Milli.Az sport24.az-a istinadən 26 yaşlı yarımmüdafiəçinin müsahibəsini təqdim edir:
- Malta ilə yenə eyni hesablı heç-heçəni uğursuzluq, yoxsa adi oyun kimi qəbul etmək olar?
- Düşünürəm ki, bu, Qurban Qurbanovun millinin baş məşqçisi olduğu vaxtda ən yaxşı oyunlarımızdan biri oldu. Çoxlu sayda qol epizodu yaratdıq. Ancaq yüz faizlik qol imkanlarından yararlana bilmədik. Rəqibin isə qapımızın önündə bir epizodu oldu və fərqləndi. Fikrimcə, bu gün çox yaxşı oyun göstərdik. Bu tempi və oyunu digər matçlarda da göstərməliyik. Biz necə güclü komandalara qarşı müdafiə olunub xal əldə edə biliriksə, Malta da onu edib 1 xal aldı. Oyunumuzu yaxşı dəyərləndirirəm. Amma, əlbəttə, qələbə qazansaydıq, bu, daha yaxşı olardı.
- Buna növbəti oyunlarda nail olacağıqmı?
- Millinin oyunlarına klub oyunlarından daha ciddi hazırlaşırıq. Məqsədimiz rəqibləri məğlub edib maksimum xal qazanmaqdı. Bəzən yaxşı oynasaq da, bizdən asılı olmayan səbəblərə görə istədiyimiz nəticəni qazana bilmirik. Gələn ayın oyunlarında da əlimizdən gələni edib qələbə qazanmağa çalışacağıq.
- Düşünmürsən ki, xalq və jurnalistlər sizdən çox şey istəyirlər?
- Fikrimcə, bizdən nə qədər çox istəsəniz, o qədər yaxşı nəticə əldə etməyə çalışacağıq. Sizin bizdən yaxşı nəticə istəməyinizdə qəribə bir şey yoxdu.
- Cəbəllütariqin Ermənistanı məğlub etməyi sizin üçün sürpriz oldumu?
- Yox. Bu nəticə gözlənilməz deyildi. İndi bütün komandalar müdafiə olunub nəticə əldə edə bilir.
- Kosovonu səfərdə məğlub edə biləcəksiniz?
- Bu sözü vermək çətin məsələdi. Amma inanın ki, qarşıdakı 2 oyunda qələbə qazanmaq üçün nəyimiz varsa, qurban verməyə hazırıq.
Milli.Az