VAR olsun, ya olmasın? - Hakim səhvləri nələrə gətirib çıxarır? - ANALİZ
Bu mövsüm UEFA Çempionlar Liqasının ¼ final mərhələsindən video təkrar - VAR sistemi tətbiq olunacaq. İtaliya, Almaniya və Portuqaliya çempionatlarında, eləcə də sonuncu Dünya Çempionatında bu sistemin özünü doğrultmasına baxmayaraq, "VAR olsun ya olmasın?" sualı ətrafında müzakirə və mübahisələr səngimir. Məsələn, İngiltərə Premyer Liqası videotəkrardan imtina etdi. Arsen Venger və Xosep Qvardiola bu qərara qarşı çıxsalar da, Joze Mourinyo və səsvermə anında "Çelsi"ni çalışdıran Antonio Konte VAR-a "yox" dedilər.
VAR olsaydı...
Orta statistik göstəricilərə görə, hakim bir oyun ərzində təxminən 250 qərar qəbul edir. Bu qərarlardan biri ya ikisi, ən pis halda üçü yanlış olur. Yəni hakim 99% düzgün qərar verir. VAR əleyhidarlarının fikrincə, 1 faizə görə videotəkrar avadanlığına milyonlar xərcləməyə, oyun zamanı ona vaxt itirməyə ehtiyac yoxdur. Lakin bəzən həmin 1 faiz, tək bir oyunun gedişatını, nəticəsini dəyişməklə qalmır, bütöv çempionatın taleyini həll edir, hətta neçə illərin azarkeş ümidlərinin üstündən bir qərarla xətt çəkir. Məsələn, "Roma" futbol klubunun idman direktoru Monçinin fikrincə, sonuncu Çempionlar Liqasında videotəkrar sistemi işləsəydi finalda "Roma" ilə "Bayern" Münhen oynayacaqdı. 2002-ci il Dünya Çempionatında VARın yoxluğu İtaliya millisini 1/8, ispanları isə ¼ finalda ev sahibləri qarşısında aciz qoydu. Videotəkrar hər zaman olsaydı Londonun futbol muzeyində Tofiq Bəhramova bürünc heykəl qoyulardı ya yox? Bu da mübahisəli məsələdir. 1986-cı ildə Maradonanın İngiltərənin qapısına əllə vurduğu topu da Dumanlı Albionda heç kim unutmayıb. "VAR texnologiyası olsaydı dünya futbol tarixi, illərin statistikası başqa cür yazılardı" - deyənlər az deyil. Mübaliğəsiz fikirdir. Çünki futbolda hakimlərin üzərinə böyük məsuliyyət düşür. Əgər oyunçu və məşqçilər peşəkarlığı, texnikası, xüsusi istedadı sayəsində ulduza çevrilirsə, referilər daha çox buraxdığı səhvləri ilə tanınır, yanlış qərarları ilə yadda qalırlar.
Hakim insandır, yanılmaq insana xasdır. Nəzərə alsaq ki, hakim vəziyyəti yerindəcə dəyərləndirib anında qərar verməlidir, o zaman 250 qərardan 2 səhvi ona bağışlamaq olar. Amma gəl gör azarkeşlər bununla razıdır ya yox. Çünki səhv qərarın qərəz yoxsa təsadüf olduğunu referinin vicdanına buraxmaqdan başqa çarə qalmır.
Rakurs
Hakimin səhvini buraxdıq onun vicdanına. Onun qərarlarını dəyişməyə güc-haqqı çatan yeganə köməkçisinə gəlincə, VAR texnologiyası da ideal sistem sayılmaz. Niyə? Çünki futbol meydançasında yaranmış müəyyən vəziyyət müxtəlif rakurslardan fərqli görünür. Və hər fərqli görüntü bir fərqli qərardır. Onların hansı doğru, hansı düzdür bunu yenə hakim müəyyənləşdirir. Yenə məsuliyyət referi üzərinə düşür.
Ziddiyyətli məsuliyyət
Süni intellektli ağıllı köməkçinin peyda olması ilə hakimin məsuliyyəti anlayışı da bir qədər əlvan çalarlar alıb. "Hakimin qərarı dəyişməzdir" qanunu artıq işləmir. Hakim "mən görməsəm də, VAR görəcək" deyə düşünüb arxayınlaşa da bilər, VAR səhvini tutub nüfuzunu azaltmasın deyə, diqqətini birə-iki artıra da. İstənilən halda, "bir şey olsa təkrara baxaram" fikri 90 dəqiqəlik blokbasteri "Santa-Barbara"ya çevirməməlidir. Çünki çoxmilyonlu fanat ordusunu stadionlara, ekran önünə toplayan əsas amillərdən biri futbolun dinamikası, oyunun sürətidir.
VAR və temp
Oyunun ləngiməsi baxımından, məsələn A Seriasında ciddi problemlər müşahidə olunmur, videotəkrara dərhal baxılır, qərar çıxarılır, itirilmiş dəqiqələr oyunun sonunda kompensasiya edilir. Rusiyada keçirilən Dünya Çempionatında bu mənada təcrübəsizlik sezilirdi. Müzakirə olunan hər epizod oyunun tempini bir qədər azaldırdı. Lakin burada da müsbətlər axtarsaq tapacağıq. Çünki itirilmiş vaxtın müqabilində artırılmış hər dəqiqə uduzan komanda üçün bir ümid qığılcımı idi və bu fürsətdən yararlanmağı bacaran komandalar da az olmadı. Məsələn, 90 dəqiqə ərzində Kosta-Rikanın müdafiəsini yara bilməyən braziliyalılar artırılmış vaxtda qapıya 2 dəfə yol tapıb qalib gəldilər.
Müşahidələr, araşdırmalar, narazılıq və təqdirləri bir kənara qoyub deyə bilərik ki, VAR sisteminin tətbiqi irəliyə bir addımdır. Bir sıra ölkələrdə bu texnologiya özünü doğrultdu. Onun gələcək tətbiqi, sarı-qırmızı vərəqə, 11 metrlik cərimə zərbəsi və ya "qızıl top" kimi futbolun bir parçasına çevrilməsi onun zamanla təkmilləşdirilməsinə bağlıdır.
Bu futboldur. Bəzi məqamları 10 rakursdan belə düzgün qiymətləndirmək mümkün olmur. Bu isə onu göstərir ki, istənilən halda insan amili əsasdır. Texnikanın imkanları ilə onun rolunu və təsirini azaltmaq olar, lakin istisna etmək qeyri-mümkündür. VAR olsa da, olmasa da.
Leyla Qiyasova
Milli.Az